UEFA Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Olimpiakos" klubu Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Pirey təmsilçisi XX turda "Panatinakos"u qəbul edib. "Əbədi düşmənlərin derbisi"ndə sülh qeydə alınıb - 1:1.
"Georgios Karaiskakis" stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıb. David Karmo 14-cü dəqiqədə cərimə zərbəsindən sonra topa başla fərqlənib.
İlk hissənin əlavə edilmiş 4-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Koştinya, rəqibinə qarşı kobud oynadığı üçün baş hakim Slavko Vinçiç tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Matçın 71-ci dəqiqəsində ilk qol müəllifi David Karmo, cərimə meydançasında "Panatinakos"un hücumçusu Foris İonnidisə qarşı kobud oynayıb. Sloveniyalı referi Karmonu sarı vərəqə ilə cəzalandıraraq penalti təyin edib. İonnidis 11 metrlik cərimə zərbəsindən dəqiq olaraq, qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.
Derbinin bitməsinə saniyələr qalmış, qonaqların futbolçusu Sverrir İngi İnqason, ikinci sarı vərəqə aldıqdan sonra meydandan qovulub.
"Olimpiakos" Yunanıstan çempionatının turnir cədvəlində 44 xalla birincisi, "Panatinakos" isə 40 xalla 3-cüdür.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda "Qarabağ" 30 yanvarda "Olimpiakos"un qonağı olacaq.