“Qurban Qurbanovun sözlərinə əlavə edəcəyim heç nə yoxdur. Azarkeşlərimizi başa düşürük, amma mən heç bir şəkildə zəiflədiyimizi düşünmürəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan milli komandasının və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının XX turunda evdə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.
31 yaşlı qolkiper Qurban Qurbanovun “Faiq Hacıyevin tapşırığı ancaq qapıçı ilə oynamaqdır. Başqa işi yoxdur. Şahruddin topa gedir, Faiq onu itələyir” sözlərinə belə reaksiya verib: “Baş məşqçim oyundan sonra hər şeyi deyib. Bu, futboldur, olur. “Turan Tovuz” dünən bizi məğlub etdi, onları yalnız qələbə münasibəti ilə təbrik edə bilərəm. Standart vəziyyətlərin zəif nöqtəmiz olduğunu düşünmürəm. Sadəcə, bir az diqqətli olmaq lazımdır. Gələcək oyunlarda daha diqqətli olacağıq”.
Məhəmmədəliyev bu həftə Avropa Liqasının VIII turunda Yunanıstan səfəri öncəsi azarkeşlərə də müraciət edib: “Olimpiakos” əvvəlkindən tam fərqli komandadır. Keçən il Konfrans Liqasını qazandılar. Oyun hər şeyi göstərəcək. Hər zaman yanımızda olduqları üçün ilk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Xalqımızın dəstəyi çox önəmlidir. Biz, onların hamısını başa düşür və sevirik. Ən əsası, nəticələrimizlə onları sevindirmək istəyirik. Bu mövsüm oyun baxımından heç kimə uduzmadıq. Oyun olanda nəticə də olacaq. Biz də öz tərəfimizdən daha çox çalışmalıyıq. Sadə insanlar olaraq qalmalıyıq. Sonra hər şey olacaq”.
Qeyd edək ki, “Qarabağ” "Olimpiakos"la yanvarın 30-qa qarşılaşacaq. Azərbaycan təmsilçisi indiyədək 3 xal topladığından, pley-off mərhələsinə vəsiqə şansı bitib.