Yanvarın 31-də “Landmark” Biznes Mərkəzində kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, kişi şahmatçıların çempionatı olimpiya sistemi üzrə 26 şahmatçının iştirakı ilə təşkil olunacaq. Qadınların mübarizəsində isə 16 şahmatçının iştirakı gözlənilir. Reqlamentə əsasən şahmatçılar bir-biriləri ilə iki dəfə ağ və qara fiqurlarla mübarizə aparacaq. İki partiyadan sonra heç-heçə qeydə alınarsa, qalib tay-breykdə müəyyənləşəcək.
Azərbaycan şahmatında ilk dəfə ölkənin bütün aktiv şahmatçıları çempionluq uğrunda zəka mübarizəsinə qoşulacaq. Əvvəlcədən elan olunduğu kimi milli komandanın bütün üzvləri, Beynəlxalq Şahmat Federasiyasının reytinqinə əsasən yüksək yerlərdə qərarlaşanlar və I dəstədə ən yaxşı nəticə göstərən şahmatçılar çempionluq uğrunda yarışacaq. Ümumilikdə qələbə uğrunda 19 ölkə çempionatının qızıl medalçısı, 5 Avropa çempionu, Dünya Kubokunun sahibi və beynəlxalq turnirlərin qalibləri çıxış edəcək.
Azərbaycan çempionatında üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov (rapid üzrə dünya çempionu) , Teymur Rəcəbov (Dünya Kubokunun sahibi), Rauf Məmmədov, son ölkə çempionu Aydın Süleymanlı, Eltac Səfərli o cümlədən, Vasif Durarbəyli, İddiaçılar Turnirinin iştirakçısı Nicat Abasov, qitə çempionu Eltac Səfərli, Məhəmməd Muradlı və digərləri mübarizə aparacaq.
Qadınların çempionatında Avropa çempionu Ülviyyə Fətəliyeva, milli komandanın üzvləri – qitə çempionatının medalçıları Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova eyni zamanda son çempion Ayan Allahverdiyeva, Türkan və Zeynəb Məmmədyarovalar yarışacaq.
Qeyd edək ki, kişi şahmatçıların çempionatının ümumi mükafat fondu 60 min manat, qadınlarda isə 30 min manat təşkil edir. Reqlamentə əsasən kişilər arasında çempionatın qalibi 20 min manat, qadınların turnirində birinci yerin sahibi 10 min manat qazanacaq.