Futbol üzrə Qazaxıstan milli komandasına yeni baş məşqçi təyin olunub.
Teleqraf.com Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yığma komanda müvəqqəti olaraq Əli Əliyevə tapşırılıb.
44 yaşlı mütəxəssis bu postda rusiyalı Stanislav Çerçesovu əvəz edib.
Əli Əliyev məşqçilik karyerasına 2014-cü ildə "Ordabası"nın oynayan məşqçisi kimi başlayıb. O, 2018-ci ildə futbolçu karyerasını başa vurduqdan sonra "Qızılcar" klubunun sükanı arxasına keçib.
2021-ci ildə Əliyev Karaqandanın “Şaxtyor” klubunun baş məşqçisi vəzifəsində çalışıb, daha sonra “Astana”nın gənclər komandasına rəhbərlik edib. 2022-ci ildə o, "Jenis"i çalışdırdıqdan sonra "Qızılcar"a qayıdıb. Petropavlovsk klubu Əli Əliyevin rəhbərliyi altında UEFA Konfrans Liqasının seçmə turnirinin üçüncü mərhələsinə qədər irəliləyib. Əliyev Qazaxıstanın gənclərdən ibarət yığmasında baş məşqçinin köməkçisi də işləyib.