Rusiyanın "Zenit" klubu yarımmüdafiə xəttini gücləndirmək istəyir.
Teleqraf.com “Sabah” nəşrinə istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisinin bu mövqe üzrə əsas hədəfi Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Gedson Fernandesdir.
Mənbənin bildirdiyinə görə, "Zenit" Fernandes üçün "qara qartal"a 15 milyon avro təklif edib, lakin İstanbul klubu 26 yaşlı yarımmüdafiəçini 20 milyon avrodan aşağı qiymətə buraxmaq istəmədiyini bildirib.
Portuqaliyalı futbolçu “Beşiktaş”dan başqa, vətənində “Benfika”, İngiltərədə “Tottenhem”, Türkiyədə "Qalatasaray" və "Rizəspor" klublarında çıxış edib.
Qeyd edək ki, Gedson Fernandes bu mövsüm ərzində meydana çıxdığı 31 oyunda 8 qol və 1 məhsuldar ötürmə müəllifi olub.