Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu karyerasının əvvəlində Portuqaliya “Sportinq”indən İspaniya “Barselona”sına keçməməsinin səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 40 yaşlı portuqaliyalı hücumçu bu barədə "La Sexta" nəşrinə danışıb.
"Onlar məni transfer etmək istəyirdilər. Kataloniyalılar mənimlə müqavilə imzalayıb gələn il İspaniyaya aparmaq istədikləri üçün bu, alınmadı. Daha sonra İngiltərə "Mançester Yunayted"i məni transfer etdi", - deyə Ronaldu bildirib.
Qeyd edək ki, Kriştianu Ronaldu "Sportinq"dən "Mançester Yunayted"ə 2003-cü ildə keçib. Onun "Əl-Nəsr"lə hazırkı müqaviləsi yaya qədərdir. Ronaldu ötən gün "Əl-Vasl" komandasına 4:0 hesabı ilə qalib gəldikləri Asiya Çempionlar Liqasının VII tur matçında "dubl" edərək, karyerası ərzində vurduğu qolların sayını 923-ə yüksəldib.