İspaniya çempionatının hakimlərinin Texniki Komitəsinin rəhbəri Luis Medina Kantalyexo, La Liqanın XXII turunun “Espanyol”la “Real Madrid” arasında keçirilən və “kral klubu”nun 0:1 hesablı məğlubiyyəti ilə başa çatan oyunundan sonra qarşılaşmanın hakimləri ilə iclas keçirib.
Teleqraf.com "AS" nəşrinə istinadən xəbər verir ki, görüşdən sonra matçın baş hakimi Alexandro Munyis Ruis və VAR hakimi İqlesias Vilyanueva kobud səhvlərə görə müvəqqəti diskvalifikasiya olunublar.
Kantalyexonun fikrincə, "Espanyol"un müdafiəçisi Karlos Romeronun "Real Madrid"in hücumçusu Kilyan Mbappeyə qarşı etdiyi qayda pozuntusu qırmızı vərəqəlik olub.
Qeyd edək ki, Madrid təmsilçisinin əks-hücumunda Mbappeyə qarşı arxadan kobud oyundan sonra Alexandro Munyis Ruis Romeroya yalnız sarı vərəqə göstərmişdi. Qarşılaşmadan sonra futbolçunun özü, kobud oyuna görə fransalıdan üzr istəyib. “Real Madrid” rəhbərliyi isə hakimlərin idarəetməsindən surəti İdman üzrə Ali Şuraya olmaqla, İspaniya Kral Futbol Federasiyasına rəsmi şikayət göndərib.