Bu gün dünyanın iki futbol ulduzu - Kriştianu Ronaldu və Neymarın doğum günüdür.
Teleqraf.com xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi 40, braziliyalı hücumçu 33 yaşını qeyd edir.
Ronaldu həm "Qızıl top" mükafatının, həm də UEFA Çempionlar Liqasının 5 qat qalibi, eləcə də Avropa çempionudur. Təcrübəli oyunçu 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. Daha əvvəl isə o, vətənində "Sportinq", İngiltərədə "Mançester Yunayted", İspaniyada "Real Madrid" və İtaliyada "Yuventus"un şərəfini qoruyub. Peşəkar karyerası ərzində 1261 oyunda 923 qol vuran Ronaldunun aktivində 257 məhsuldar ötürmə var.
"Özümü əsl peşəkar hesab edirəm. Əsasən fiziki bərpada. Bu, mənim fəlsəfəmdir. Bir çox futbolçunun baxışını dəyişmişəm. Bəxt amili önəmlidir, lakin onu axtarmaq lazımdır. Hazırda daha az məşq etməyə çalışıram, fikrimi konkret məşqlərə yönəltmişəm. İyirmili yaşlarımda olduğu kimi bərpa oluna bilmərəm", - deyə o, etiraf edib.
Ronaldudan fərqli olaraq, Neymar hazırda karyerasının elə də yaxşı dövründə deyil. Uzunmüddətli zədədən sonra "sambaçı" bir neçə gün əvvəl yetirməsi olduğu "Santos" klubuna qayıdıb.
"Hər gün daha yaxşı olmaq üçün çalışır, daha da yaxşı olmaq istəyirəm. Kimdənsə yaxşı olmaq istəmirəm", - forvard deyib.
Neymar "Santos"dan əlavə, İspaniyada "Barselona", Fransada PSJ, Səudiyyə Ərəbistanında "Əl-Hilal" komandalarının formasını geyinir.