28 Fevral 2015 19:56
2 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa şəhərində Xocalı şəhidləri parkı açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, parkın açılış mərasimində Türkiyə parlamentinin deputatı Sinan Oğan, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu, Turqutlu bələdiyyə sədrinin müavinləri Hakan Sezer, İsgəndər Tunc, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri və yerli sakinlər iştirak ediblər.

Türkiyə Azərbaycan Dərnəyinin yerli şöbəsini rəhbəri Ender Solhan mərasimə toplaşanlara Xocalı dəhşətləri haqqında məlumat verib, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş qəddarlıqları bir daha xatırladıb. Bu dəhşətlərin sözlərlə ifadə edilməyəcək qədər acı və unudulmayacaq qədər qorxunc olduğunu deyən E. Solhan bu faciənin heç vaxt unudulmaması üçün bu parka Xocalı şəhidlərı adı verildiyini bildirib.

H. Sezer isə bu qətliama dünya ictimaiyyətinin səssiz qalmasını vurğulayaraq, ədalətin bərqərar olacağına, günahsız insanların qanının yerdə qalmayacağına inandığını deyib.

S. Oğan isə Turqutlu Bələdiyyəsinin sədri Turqay Şirinə təşəkkür edib. Atatürkün “Azərbaycanın kədəri kədərimiz” sözlərini xatırladan S. Oğan deyib ki, bu parka Xocalı şəhidləri adının verilməsi dolayısı ilə Atatürkün mirasına sahib çıxmaqdır: “Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Xocalı isə ortaq dərdimizdir”.

Çıxışlardan sonra lent kəsilərək parkın açılışı olub.

Qeyd edək ki, Turqutlu bələdiyyəsi ərazisində salınmış yeni yaşıllıq əraziyə Xocalı şəhidləri Parkı adının verilməsi təklifi Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyətinin üzvü E. Solhan tərəfindən irəli sürülüb.


Müəllif: