Bu gün Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli komandası Malta yığması qəbul edəcək.
Teleqraf.com Affa-ya istinadən xəbər verir ki, oyun ərəfəsində Azərbaycan milli komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı keçirilib.
Robert Prosineçki: “Beş gündür komanda bir yerdədir. Hazırlıqdan razıyam. Sabahkı oyunu böyük həvəslə gözləyirik. Hətta istək o qədər böyükdür ki, istərdim bu gün oynayaq. Bizə qələbə lazımdır. Futbolçularıma inanıram. Ab-hava yaxşıdır. Əgər öz oyunumuzu göstərə bilsək, qələbə qazanacağıq. Mən buna inanıram. Komanda hazırdır, motivasiya yüksəkdir. Məşq prosesində istədiyimi görürəm. İnanıram ki, futbolçular öz potensiallarını oyunda göstərə biləcəklər. Ümid edirəm ki, sabah tribunalar dolu olacaq və biz evə qələbə ilə gedəcəyik”.
Rəşad Sadıqov: “Yaxşı məşqlər keçmişik. Oyuna hazırıq. Əlbəttə, rəqibin gücünü şişirtmək istəmirəm, amma asan olmayacaq. Mətbuatın da, azarkeşlərin də dəstəyinə ehtiyacımız var. Toplanışda iştirak edən hər bir futbolçu bu oyunda meydana çıxmaq istəyir. Qələbəyə çox ehtiyacımız var”.
Namiq Ələskərov: “Millidə ilk rəsmi oyunum olacaq. İstəyirəm ki, qələbə qazanaq. Müəyyən qədər həyəcanlıyam. Amma çalışacam ki, bunu göstərməyim, baş məşqçinini tapşırıqlarını tam olaraq yerinə yetirim. Məşqçi meydanda bizə məhdudiyyət qoymur. Yəni cinahda oynasam da, sərbəstlik verir. Onun nə istədiyini dərk edirəm”.
Rüstəm