19 May 2014 19:16
702

Azərbaycan gimnastı Anna Pavlova Sofiyada keçirilən idman gimnastikası üzrə Avropa çempionatında gümüş medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, gimnastımız finalda təkanla tullanmada isveçrəli idmançı Culiya Ştaynqruberdən cəmi 0,08 bal geridə qalaraq ikinci nəticə göstərib. Bürünc medala isə tanınmış rumıniyalı gimnast Larisa İordaçe sahib çıxıb.

A.Pavlova Azərbaycan komandasında çıxış etdiyi ilk ildəcə qitə çempionatının medalını qazandığına görə çox şad olduğunu bildirib: "Qızıl medal da qazana bilərdim, lakin isveçrəli rəqibim hər iki tullanmanı daha yaxşı yerinə yetirdi. Bununla belə təəssüflənmirəm. Əsas odur ki, məşqçinin tapşırığını yerinə yetirdim və müəyyən fasilədən sonra yüksək gimnast statusumu təsdiq etdim. Planlara gəlincə, mən də bütün komanda kimi payızda Çində keçiriləcək dünya çempionatına səylə hazırlaşacağam. Ümid edirəm ki, orada mən və komanda yoldaşlarım Avropa çempionatında olduğundan daha yaxşı iştirak edəcəyik. Dünya çempionatından sonra isə bütün komanda ilə birlikdə Bakıda keçiriləcək I Avropa Oyunlarına səylə hazırlaşmağa çalışacağıq. Bu yarışlarda doğma azarkeşlərimizi yaxşı nəticələrlə sevindirəcəyik".

Gimnastımız ona etibar etdiklərinə və idmana ikinci vəsiqəni verdiklərinə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə xüsusi minnətdarlığını bildirib.

Qeyd edək ki, bu medal müstəqil Azərbaycanın idman gimnastikası tarixində birinci oldu. Buna qədər SSRİ yığmasının tərkibində Azərbaycan gimnastı Valeri Belenkiy dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında qələbə qazanmışdı. Sofiyadakı çempionat Azərbaycanın qadınlardan ibarət yığmasının debütü ilə yanaşı, ölkəmizin hakimlər korpusunda təmsil olunması ilə də yadda qaldı.

Azərbaycanı hakimlər korpusunda Səbinə Bəşirova və Rza Əliyev təmsil ediblər.


Müəllif: