Aprelin 11-də “Sərhədçi” Olimpiya İdman Kompleksində karate üzrə “Baku Open” 6-cı beynəlxalq turnirinin açılış mərasimi olub.
Tədbirdə Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, deputat Ülvi Quliyev, Türkiyə Karate Federasiyasının prezidenti Esat Dəlihəsən, kata üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Luka Valdezi iştirak ediblər. Açılış mərasimi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Y.Bəşirov qeyd edib ki, ölkəmizdə idmanın, xüsusən karatenin sürətlə inkişaf etməsi müşahidə olunur. Növbəti “Baku Open” turnirinin keçirilməsi bunu təsdiq edir. Turnirdə nəinki Azərbaycanın, həm də başqa dövlətlərin idmançıları iştirak edirlər. O, turnirdə çıxış edəcək bütün karateçilərə uğurlar diləyib. Fəxri qonaqlara Milli Karate Federasiyasının diplomları təqdim olunub. Xatırladırıq ki, bu gün müxtəlif çəki dərəcələrində kişilər və qadınlar arasında yarışlar keçirilir. Aprelin 12-də turnirdə yeniyetmələr və yuniorlar çıxış edəcəklər.