Şahmat üzrə hazırki dünya çempionu, norveçli Maqnus Karlsen “Shamkir Chess 2015” turnirində iştirak etmək üçün Azərbaycana gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı “Shamkir Chess 2015” turnirinin təşkilatçısı “Synergy Group”un rəsmiləri qarşılayıblar. Məşhur şahmatçı aprelin 14-də səhər Gəncəyə, oradan isə yarışın keçiriləcəyi Şəmkirə yola düşüb.
Sabiq dünya çempionu Vişvanatan Anand da artıq Şəmkir şəhərindədir. Hindistanlı qrossmeyster birbaşa reyslə Gəncəyə uçub, oradan isə Şəmkirə yola salınıb.
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” turniri aprelin 16-da start götürəcək. Ötən il keçirilən ilk yarışın qalibi Maqnus Karlsen olmuşdu.
“Synergy Group” ASC-nin təşkilatçılığı ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli Sou, Maksim Vaşye-Laqrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcəklər.