"Arsenal"ın gənc müdafiəçisi Hektor Bellerin sürəti ilə diqqət çəkməkdə davam edir.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, məşqlərdə 40 metr məsafəni 4.42 saniyəyə qaçan 20 yaşlı futbolçu komanda yoldaşı Teo Uolkotun rekordunu təkrarlayıb.
Bellerin eyni zamanda 2009-cu ildə 9,59 saniyə ilə (100 metr məsafəyə yürüşdə) dünya rekordu qıran Useyn Boltun 40 metr məsafədəki nəticəsini geridə qoyub. Yamaykalı atlet ilk 40 metr məsafəni 4,64 saniyəyə qət etmişdi.
Qeyd edək ki, ispaniyalı futbolçu bu göstərici ilə "Arsenal"ın ən sürətli futbolçusu olub. Bellerin və Uolkota qədər London təmsilçisinin ən sürətli futbolçusu Tyeri Anri idi. O, 40 metr məsafəni 4,82 saniyəyə qaçırdı.