"Qəbələ"nin nigeriyalı futbolçusu Ekiqo Ehiosun ölkəsinin mətbuatına müsahibə verib.
24 yaşlı futbolçu Azərbaycandakı karyerası, gələcək planları haqda danışıb.
- Son illər karyeranda nələr baş verdi?
- Hər şey yaxşıdır, şikayət edə bilmərəm. Gözəl həyatım var. Əlimdən gələn hər şeyi edirəm. Bu da həyatdan zövq almağıma kifayət edir.
- Avropadakı karyerana Türkiyədə başladın. Lakin sonradan Azərbaycana getməyinin səbəbi nə idi?
- Həyatda bəzən elə anlar olur ki, işlərin yaxşı getməsi haqda düşünürsən və bunun üçün çalışırsan. Necə deyərlər, nələrin aş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Türkiyədə problemlər çox idi. Söhbət superliqada olan legioner limiti və maliyyə problemlərindən gedir.
- Azərbaycandakı təcrübəniz haqda nə deyə bilərsən?
- Azərbaycandakı futbol həyatım haqda yaxşı fikirlər söyləyə bilərəm. Çempionat inkişaf edir, ən əsası da burada futbol oynayıram. Azərbaycan Premyer Liqasında güclü rəqabət var. Burada futbol oynamaqdan zövq alıram. Digər şəhərlər elə də yaxşı deyil. Lakin paytaxt Bakı böyük və gözəl şəhərdir. Futbol oynamaqla yanaşı, aldığım maaşdan da məmnunam. Bu mənada deyə bilərəm ki, burada həqiqətən də əylənirəm.
- Yeri gəlmişkən, "Qəbələ"də nə qədər maaş alırsan?
- Dəqiq deyə bilmərəm. Ancaq bu, bir mövsüm heç nə almamaqdan daha yaxşıdır.
- Dörd il öncə Nigeriyada oynayırdın. Lakin qəfildən gözdən itdin? Nə baş verdi?
- Gözdən itdim? Həqiqətən, belə düşünürsünüz? Mən Nigeriyadan getməli idim. Artıq vaxt idi. Futbol oynamaqdan zövq alıram. Bu, Allahın mənə hədiyyəsidir. Mətbuatla əlaqə saxlamamağım, gözdən itməyim anlamına gəlməməlidir.
- Yenidən Nigeriya yığmasında oynamaq istəyərdin?
- Əlbəttə, istəyərdim. Ancaq bunun üçün zamana ehtiyacım var. Hər zaman yüksək səviyyədə olmağa çalışıram. Əlimdən gələni edirəm ki, yenidən milliyə çağırılım.
- Gələcək planların nədir? Yay transfer pəncərəsi dönəmində komandanı dəyişməyi düşünmürsən?
- Hələ ki, bilmirəm. Artıq təkliflər var, ancaq bu barədə heç nə söyləməyəcəm. "Qəbələ" rəhbərliyi artıq mənə komandada qalmağı təklif edib. Cavabımı gözləyirlər./qol.az/