Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Avropa Oyunlarının keçiriləcəyi müddət ərzində yerli turizm şirkətlərinə ölkənin müxtəlif bölgələrinə turlar təşkil etməyi tövsiyə edib.
Nazirlikdən bildirilib ki, artıq bütün turizm şirkətləri bu turları təşkil etməyə hazırdır.
Mədəniyyət və Turizm Nazirliyindən o da əlavə edilib ki, qonaqlara təqdim ediləcək turların ödənişli olması nəzərdə tutulur. Turları şirkətlər təşkil etdiyindən qiymətlər də bazar prinsipləri əsasında onlar tərəfindən müəyyən edilir və nazirlik bu qiymət siyasətinə müdaxilə etmir.
Trend-in yerli turizm şirkətləri arasında apardığı kiçik araşdırmaların nəticələrinə görə, şirkətlər Avropa Oyunlarının keçiriləcəyi müddət üçün yeni turların təqdim olunmasına ehtiyac görmürlər. Qonaqlara həmin müddət üçün də hazırda istifadə edilən tur paketlər təqdim olunacaq. Bu turlar Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarına - Quba-Xacmaz, Lənkəran-Astara, Şəki-Zaqatala zonalarına və s. ərazilərə səfəri nəzərdə tutur.
Turların qiymətləri isə təqdim olunan xidmətlərin çeşidindən, səfərin müddətindən asılıdır. Bir nəfər üçün bir günlük turun qiyməti orta hesabla 20-50 manat arasında dəyişir.
Şirkətlərdən bildiriblər ki, turların qiymətləri qonaqlar üçün münasib olacaq. Oyunların keçiriləcəyi müddət üçün təqdim olunacaq turların qiymətləri hazırkı qiymətlərdən fərqlənməyəcək və süni qiymət artımına yol verilməyəcək.
Azərbaycanın aparıcı turizm şirkətlərindən biri olan "Millennium Turizm" şirkətinin prezidenti Ruslan Quliyev isə Trend-ə bildirib ki, onlar süni qiymət artımına yol verilməsində maraqlı deyillər: “Bizim birinci məqsədimiz bu Oyunlardan yararlanaraq Azərbaycanın turizm potensialını qonaqlara təqdim etməkdir. Mədəniyyət və Turizm Nazirliyinin tövsiyələrinə uyğun olaraq, hər bir şirkət Avropa Oyunlarına hazırlıq çərçivəsində öz xidmətlərinin təşkilində, kadrlarının hazırlıq səviyyəsinin yüksəldilməsində aktiv iştirak edir. Tarixi-mədəni, əyləncəli və s. turların təşkili üçün hazırlıqlar görülüb”.
R.Quliyevin sözlərinə görə, həmin dövrdə turistlərə daha yüksək xidmətin göstərilməsini təmin etmək, onların sifarişlərini qısa zamanda yerinə yetirməkdən ötrü artıq onlar tərəfindən operativ xidmət də yaradılaraq fəaliyyətə başlayıb.
Şirkət prezidenti hesab edir ki, bu xidmət sayəsində həftənin bütün günlərində, hətta iş saatından sonra hansısa sifarişin qəbul edilməsi, eyni zamanda, onun qısa müddət ərzində həyata keçirilməsi imkanı olacaq.