Norveç Olimpiya və Paralimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək 57 idmançıdan ibarət heyətin ilkin siyahısını acılayıb. Norveç komandasının heyətində qılıncoynadan Bartosz Piasecki və Olimpiya Oyunlarında yerlər tutmuş idmançılar Bakıya gələcəklər.
B.Piasecki “London-2012” Olimpiadasının qılıncoynatma yarışında gümüş medal qazanıb. “Bakı-2015”də iştirak edəcək səkkiz atıcıdan yeddisi Olimpiya Oyunlarında mübarizə aparmış idmançılardır.
Atıcılıq üzrə 2013-cü ildə Avropa çempionu olmuş Malin Vesterheim, həmçinin Ole Magnus Bakken, Odd Arne Brekne və Ole-Kristian Brin də London Olimpiya Oyunlarında iştirak ediblər.
Are Hansen həm Pekin, həm də London olimpiadalarında yarışıb. Tore Brovold “Pekin-2008”də stend atıcılığı üzrə gümüş medal qazanıb. Pal Hembre isə 1996-cı ildə keçirilən Atlanta Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Bakıda iştirak edəcək Norveç komandasının heyətinə “London-2012”də avarçəkmə yarışlarında iştirak edən Mira Veras Larsen də daxildir.
Stiq Andre Berge yunan-Roma güləşi üzrə iki Olimpiya Oyununda mübarizə aparıb. Digər güləşçi Qreys Bullen isə Nankində yeniyetmələrin Olimpiya Oyununda qızıl medalın sahibidir.
Velosiped idmanı yarışında Sven Erik Bystrom mübarizə aparacaq. O, 2014-cü ildə keçirilmiş yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb. Tore Navrestad isə velosiped üzrə 2013-cü ildə keçirilmiş Avropa çempionatında gümüş medala yiyələnib.
Kamandan oxatma üzrə Bard Nestenq və Line Blomen Ridderstrom Olimpiya Oyunlarında mübarizə aparıblar.
“Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək Norveç komandasının heyətində kamandan oxatmada 4, çimərlik voleybolunda 4, boksda 1, avarçəkmədə 2, velosiped idmanında 9, suya tullanmada 2, qılıncoynatmada 1, gimnastikada 6, karatedə 1, atıcılıqda 8, üzgüçülükdə 8, taekvondoda 2, triatlonda 3 və güləşdə isə 6 nəfər mübarizə aparacaq.