Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qarabağ”la qarşılaşan "Qəbələ" yeni rekorda imza atıb.
Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” ardıcıl 9-cu dəfə meydanı məğlubiyyətsiz tərk edib.
Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) uduzan Roman Qriqorçukun komandası 8 qələbədən sonra meydandan heç-heçə ilə ayrılıb. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən qələbə seriyası qırılsa da, məğlubiyyətsizlik və qollu oyunlar seriyası davam edir.
Fevralın 10-da səfərdə “Simurq”un qapısına yol tapa bilməyən (0:2) “Qəbələ” son 10 matçı qolsuz tərk etməyib. Bu görüşlərdə komanda 19 dəfə fərqlənib. Ardıcıl 10 çempionat görüşündə qol vurmaq isə klub tarixinin yeni rekordudur. 2006-cı ildən Premyer Liqada çıxış edən “qırmızı-qaralar” 2010-cu ildə qeydə alınan rekordunu yeniləyib. Həmin vaxt komanda ardıcıl 9 matçda rəqib qapısına yol tapmışdı.
Bu seriyada son 5 oyunda 5 qol vuran Cavid Hüseynovun da rolu olub. Ardıcıl 3 matçdır meydanı qolsuz tərk etməyən yarımmüdafiəçi mövsümdə 11-ci dəfə fərqlənib. O, “Qəbələ”nin tarixində 1 mövsümdə ən çox qol vuran futbolçu adına daha da yaxınlaşıb. Bu göstəricidə rekord ötən mövsüm 12 qol vuran Daniel Subotiçə məxsusdur.
Rekordun 1 addımlığında olan Cavid klub tarixinin ən məhsuldar oyunçularının siyahısında 10-cu yerə şərik olub: Viktor Mendi - 31, Dodo - 23, Rövşən Əhmədov - 20, Kənan Kərimov - 18, Yannik Kamanan - 17, Deon Barton - 15, Daniel Subotiç - 13, İbrahim Hüseynov, Vitali Balamestnı - hər ikisi 12, Rəşad Yusubov, Cavid Hüseynov – hər ikisi 11.
Bütün qollarını çempionatda vuran yarımmüdafiəçi klubun Premyer Liqadakı bombardirləri siyahısında 6-cı yerə şərikdir: Viktor Mendi - 27, Dodo - 21, Yannik Kamanan - 16, Deon Barton - 15, Daniel Subotiç - 12, Kənan Kərimov, Vitali Balamestnı, Cavid Hüseynov – hamısı 11.
Roman Qriqorçukun rəhbərliyi altında Premyer Liqadakı əvvəlki 11 matçda 9 qələbə qazanıb, 3 dəfə məğlub olan “qırmızı-qaralar” mövsümün 2-ci yarısında ilk dəfə heç-heçə edib. "Qəbələ" sonuncu dəfə 2014-cü ilin son qarşılaşmasında – dekabrın 21-də “İnter”lə ev matçında bərabərliyə (1:1) imza atmışdı.