Azərbaycan alpinistləri Dağıstan Alpinizm Federasiyasının təşkil etdiyi alpiniadada iştirak etmək üçün mayın 6-da qonşu ölkəyə yollanıblar.
Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, idmançılarımız Dağıstanın Şalbuzlaq (4142 m) zirvəsinə məşq qalxmasını həyata keçirirlər. Bundan başqa, azərbaycanlı və rusiyalı alpinistlər iki ölkənin sərhədində yerləşən Bazardüzü (4466 m) zirvəsinə birgə qalxmağı planlaşdırırlar. Qalxma ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və faşizm üzrə böyük Qələbənin 70 illik yubileyi münasibətilə təşkil edilir.
On bir nəfərlik qrupa təcrübəli alpinistlərlə yanaşı, idmanın bu növündə ilk qədəmlərini atan şəxslər də var. Heyətə Azərbaycan Alpinizm Federasiyasının üzv klubları - “Nikoyl Bank”, “İrbis”, “Dağ” idman klubu” və “Dolphin Baku Diving” mərkəzinin təmsilçiləri daxildirlər.