Beynəlxalq futbol federasiyası – FİFA Almaniyanın ADR telekanalında efirə çıxmış “Satılmış futbol” filmini kəskin tənqid edib.
Teleqraf.com bbc-yə istinadən xəbər verir ki, filmdə Qətər və Rusiyanın futbol çempionatları üçün ev sahibliyini korrupsiya yolu ilə əldə etdiklərinə dair iddialardan söz açılırdı.
FİFA-nın bəyanatında deyilir ki, "Der verkaufte Fussball" filmindəki faktlar ya konteksdən çıxarılıb, ya da təhrif edilib.
Film efirə mayın 4-də gedib, lakin indi bəlli olub ki, onun çəkilişi zamanı daha qəribə hadisələr baş veribmiş.
Qətərin hakimiyyət orqanları “Futbolun satılması: Sepp Blatter və FİFA-nın qüdrəti” adlı sənədli veriliş üçün çəkiliş aparan qrupu həbs edərək dindirdikdən sonra, onlara məxsus avadanlıq və materiallar məhv edilib.
Reportyor, operator, operator köməkçisi və sürücü Qətərdəki əmək düşərgələrində çəkiliş apardıqdan sonra onların ölkədən çıxmalarına imkan verilməyib.
Bir sıra insan haqları təşkilatları Qətərin futbol tikintilərində işləyən miqrantları "müasir qul" adlandırıblar.
Almaniyanın ən böyük televiziya şirkətini təmsil edən çəkiliş qrupu yalnız Almaniya səfirinin ciddi səylərindən sonra azad edilib.
ARD teleşirkətinin müxbiri Florian Bauer və onun çəkiliş komandası Qətərdə Dünya Futbol Çempionatı üçün tikintilərdə çalışanların həyat şəraitini öyrənirdilər.
Beynəlxalq insan haqları təşkilatları bu miqrant fəhlələri müasir qul adlandırırlar.
Bauer dindirilərkən etiraf edib ki, rəsmi icazə ala bilmədikdən sonra Dohaya izinsiz səfər edib.
Onun çəkiliş aparmasına bir sıra nazirliklər və Dünya Çempionatının təşkilatçıları icazə verməyiblər.
İdman siyasəti üzrə ekspert olan jurnalist bildirib ki, onun bundan əvvəlki bütün səfər ricalarına müsbət cavab verilib.
Bauer mətbuata bildirib ki, görünür, bu dəfə Qətər hakimiyyəti miqrant fəhlələr və əmək düşərgələri barədə materialların geniş ictimaiyyətə çatdırılmasını istəməyib.
Çəkiliş qrupu martın 14-də, Qətərə gəlişlərinin ertəsi günündə həbs edilib və 14 saat saxlandıqdan sonra səhər saat 4 radələrində azad olunublar. Lakin onlardan ölkəni tərk etməyəcəkləri barədə iltizam alınıb.
Filmin hər halda efirə çıxması göstərir ki, Qətər hakimiyyət orqanları materialların heç də hamısını məhv edə bilməyiblər.
Rüstəm