13 May 2015 12:01
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus"la cavab görüşü ərəfəsində "Real"ın baş məşqçisi Karlo Ancelotti UEFA-nın rəsmi saytına açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, italiyalı mütəxəssisin sözlərinə görə, Kərim Benzema meydana çıxmağa hazırdı. O, həmçinin komandasının Çempionlar Liqasını ard-arda qazanaraq tarix yazacağına inandığını bildirib:

"Benzema 100 faiz hazırdı. Əsas heyətdə meydana çıxa bilər. Kərim bir aydır ki, oynamır. Bu səbəbdən onun barədə yekun qərar verməmişəm. Fransız futbolçu komanda yoldaşlarından birini oyunun gedişində əvəzləyə də bilər. Əsas heyətdə meydana çıxıb-çıxmayacağını dəqiq deyə bilmərəm.

Ramos yenidən yarımmüdafiədə oynaya bilər. Bu, variantlardan biridi. Cari mövsümdə Beylin oyunundan razıyıq. O, bu il bizim üçün önəmli olan matçlarda fərqlənməyi bacarıb. Yenidən bunu edə bilər.

Düşünürəm ki, "Sevilya" və "Valensiya" ilə oyunlarda heç də pis oynamadıq. Sadəcə, lazımı anlarda diqqətimiz yayındı. Sabahkı matç "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Oyunçuların tək məqsədi olmalıdı: səhvlərdən qaçmaq. Biz finala çox yaxınıq. Titulumuzu qoruyaraq tarix yaza bilərik".

"Real" - "Yuventus" matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. İlk görüşdən Turin klubu 2:1 hesabı ilə qalib ayrılıb.

Rüstəm


Müəllif: