19 May 2015 01:54
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avtomobil Federasiyası (FIA) yaxın gələcəkdə Formula 1-də ciddi dəyişikliklər etməyə hazırlaşır.

Trend Azərbaycan Avtomobil Federasiyasının saytına istinadən məlumat verir ki, bu məqsədlə Londonda təşkil olunan toplantıda FİA rəsmiləri və mütəxəssislər Formula 1-in perspektivləri, komandalara yaradılacaq texniki imkanlar barədə ətraflı fikir mübadiləsi aparıblar.

Toplantının yekununda isə tərəflər bir sıra maraqlı təkliflərdən ibarət sənədə imza atıblar. Həmin sənədə:

• bolidlərin sürətini artırmaq, bu məqsədlə aerodinamikada müvafiq dəyişikliklər etmək;
• daha enli təkərlərdən yararlanmaq;
• bolidin ümumi çəkisini azaltmaq;
• mühərrikin fırlanma tezliyini və səsini artırmaq;
• bolidin yanacaqdan minimum istifadəsini təmin etmək;
• bolidə daha aqressiv görünüş vermək və s. kimi təkliflər daxildir.

Qeyd olunan dəyişikliklər bolidin sürətini artırmağa, yarış zamanı dövrələri hazırda olduğu göstəricidən 5-6 saniyə daha tez keçməyə, yanacaqdan daha az istifadə etməklə israfçılığın qarşısını almağa və ən əsası, "Formula"ya olan azarkeş marağını bir qədər də artırmağa xidmət edəcək.

Qəbul olunan sənədə əsasən, FIA rəsmiləri müzakirənin başlıca prinsiplərini gələn həftə komandalarla birgə müzakirə edəcək və qeyd olunan dəyişikliklərin təcrübədə tətbiqi məsələlərinə aydınlıq gətirəcəklər. Tədbirdə o da qeyd olunub ki, "Formula" yarışlarını daha maraqlı, baxımlı və iqtisadi cəhətdən faydalı etmək üçün FIA və kollektivlər daim birgə çalışmalı, səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsinə önəm verməlidirlər.

Sənəddə yer alan təkliflər isə qısa zaman ərzində yenidən müzakirə olunaraq təsdiq edilməsi üçün Formula 1-in Komissiyasına və Ümumdünya Avtomobil Şurasına təqdim edilməlidir. Təkliflərdən ibarət sənədə FIA prezidenti Jan Todt və Formula One Group-un icraçı direktoru Berni Ekklstoun imza atıb.


Müəllif:

Oxşar xəbərlər