AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin yerli futbolçuların maaş limiti ilə bağlı qərar qəbul edib.
Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qərarda qeyd olunub ki, AFFA-nın İcraiyyə Komitəsinin 06.03.2015-ci il tarixdə keçirilmiş iclasında 2015/2016-cı il mövsümündən başlayaraq Azərbaycan Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunması haqda qərar verilib. Buna uyğun olaraq, Oyunçuların Statusu və Transferi Komitəsi 21 yaşadək futbolçuların illik maaşını maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşını isə maksimum 50 min AZN-dək müəyyənləşdirib.
Qərarda qeyd olunur ki, Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aşağıdakı cəzalar tətbiq olunacaq:
Klubun aktivindən xalların silinməsi
Maliyyə sanksiya
Futbolçunun diskvalifikasiyası.
2014/2015-ci il Premyer Liqası 28.05.2015-ci il tarixdə keçiriləcək XXXVI turun oyunları ilə başa çatacaq və növbəti Premyer Liqa oyunları avqust ayından start götürəcək.
Yeni mövsüm üçün transfer pəncərəsi 09.06.2015 – 31.08.2015-ci il tarixləri müəyyən olunub. Bu tarixdən etibarən İcraiyyə Komitəsinin maaş limiti ilə bağlı qərarı tətbiq olunmalıdır. İcraiyyə Komitəsinin qərarı yeni bağlanan müqavilələrə şamil olunur (01.01.1995-ci ildən və 01.01.1993-cü il ildən başlayaraq doğulan futbolçular). Qərarın icrasına AFFA tərəfindən ciddi şəkildə nəzarət olunacaq. İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılacaq.