Dünya futboluna rəhbərlik edən qurum – FİFA özünün illik konqresinə hazırlaşdığı bir vaxtda Coca-Cola, Adidas və Visa da daxil olmaqla sponsorlar bu təşkilatdakı həbslərdən narahatlıqlarını bildiriblər.
Avropanın əsas futbol təşkilatı UEFA, FİFA-nın növbəti prezidentinin cümə günü keçiriləcək səsvrerməsini boykot edib-etməmək məsələsini müzakirə edir.
Çərşənbə günü Sürixdə FİFA-nın 7 yüksək vəzifəli rəsmisi həbs edilib. Onlar barələrində cinayət işi başlanmış 14 nəfərin arasındadırlar.
Çərşənbə günü FİFA ABŞ-ın apardığı cinayət işi ilə əlaqədar daha 11 nümayəndəsinin futbolla bağlı fəaliyyətini qadağan edib.
Lakin təşkilat bildirib ki, hazırkı prezident Sepp Blatterin 5-ci müddətə seçilmək istədiyi səsverməni təxirə salmayacaq.
Həbsləri şərh edən Britaniya xarici işlər naziri Philip Hammond BBC-ə deyib ki, “FİFA-nın dərinliyində çox böyük qüsur gizlənib və beynəlxalq futbol islah edilməlidir”.
Hazırkı təhqiqatda adı keçməyən FİFA prezidenti Blatter deyib ki, “belə davranışın futbolda yeri yoxdur və biz əmin olmalıyıq ki, bu əməldə iştiraklı olanlar oyundan xaric edilsinlər”.
İsveçrə prokurorları da 2018 və 2022-ci il futbol çempionatları üçün ev sahibliyinin Rusiya və Qətərə verilməsi ilə bağlı ayrıca təhqiqat açıblar.
Bu arada FİFA-nın sponsorları olan iri şirkətlərə bu təşkilata təsir göstərmələri üçün çağırışlar edilir.
Coca-Cola şirkəti bildirib ki, “xeyli zamandır davam edən ziddiyyətlər FİFA dünya çempionatının missiya və ideallarını alt-üst edib”.
Kredit kartları şirkəti “Visa” da son həbslərdən dərin narahatlıq keçirdiyini bəyan edib.
Adidas şirkəti isə bildirib ki, o, etika və qanunçuluğun yüksək standartlarını rəhbər tutur və öz partnyorlarından da eyni yanaşmanı gözləyir.
Sponsorların ikinci qrupuna daxil McDonald's bəyan edib ki, vəziyyət son dərəcə narahatedicidir və o, hadisələri diqqətlə izləyir.
Hyundai Motor şirkəti də eyni narahatlıqları səsləndirib.