XXXI Yay Olimpiya Oyunları gələn il avqustun 5-dən 21-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək. Olimpiya Oyunlarında güləşçilər hər növ üzrə 6 çəki dərəcəsində mübarizə aparacaqlar. Ümumilikdə, 18 çəki dərəcəsində sərbəst və yunan-Roma güləşinin hər biri üzrə 114, qadın güləşi üzrə isə 108 idmançı Olimpiya qızılı uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, güləş idman növündə Yay Olimpiya Oyunlarına ilk vəsiqələr isə sentyabrın 7-12-də ABŞ-ın Las Veqas şəhərində keçiriləcək dünya çempionatında qazanılacaq. Dünya çempionatında Olimpiadada iştirakı nəzərdə tutulan hər çəki dərəcəsində ilk beşlikdə qərarlaşan güləşçilər “Rio-2016”-ya vəsiqəni təmin etmiş olacaq.
İlk cəhddə vəsiqə qazana bilməyən ölkələrin və idmançıların qitə və dünya təsnifat turnirlərində mübarizə aparmaq şansı olacaq. Azərbaycanlı güləşçilər aprelin 15-17-də Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turnirində, aprelin 22-24-də Monqolustanın Ulan-Bator şəhərində birinci dünya təsnifat turnirində və mayın 6-8-də İstanbulda təşkil ediləcək sonuncu dünya təsnifat turnirində iştirak edəcəklər.
Yığma komandalarımızın qarşısında duran məqsəd maksimum sayda vəsiqə qazanıb növbəti Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil etməkdir. Xatırladaq ki, müstəqil Azərbaycanın güləş yığma komandası indiyə qədər qatıldığı Olimpiya Oyunlarında ümumilikdə 14 medal qazanıb. Bu medallardan 4-nün əyarı qızıldır. Olimpiya medallarından 5-i gümüş, 5-i isə bürünc əyarlıdır.