"Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Norveç - Azərbaycan matçının hakimləri müəyyənləşib.
Teleqraf.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Ullevaal" stadionunda keçiriləcək oyunu polşalı hakimlər idarə edəcək.
Matçın baş hakimi Pavel Gil olacaq. Ona həmyerliləri Konrad Sapela və Marçin Borkovski köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Radoslav Siejka yerinə yetirəcək.
Qeyd edək ki, Norveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Xatırladaq ki, Pavel Gil daha öncə iki klubumuzun avrokuboklardakı oyunlarını idarə edib. 39 yaşlı referi 2013-cü ildə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Skenderbeu” (Albaniya) – “Neftçi” matçında ədaləti təmsil edib. Həmin görüşün əlavə vaxtında qol vuran Albaniya təmsilçisi mərhələ adlayan tərəf olmuşdu.
Digər oyun isə ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - "Dnepr" (Ukrayna) matçına təsadüf edib. Bu oyunda təmsilçimiz meydandan məğlub ayrılaraq qrupdan çıxmaq şanslarını çətinə salmışdı - 1:2.