İyunun 12-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) binasında Bakıda birinci Avropa Oyunları münasibətilə Azarkeşlər evinin təntənəli açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov, Rusiya Prezidentinin köməkçisi, ROK-un vitse-prezidenti İqor Levitin, Rusiyanın idman naziri Vitali Mutko, bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxin, “Rossotrudniçestvo” Agentliyinin rəhbəri Lyubov Qlebova və digər fəxri qonaqlar iştirak ediblər.
ROK-un prezidenti Aleksandr Jukov deyib: “Rusiya ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlıq durmadan inkişaf edir. Bizim sovet dövründə formalaşan ümumi irsimiz, ümumi mədəni və tarixi ənənələrimiz var. Rusiya ilə Azərbaycan idmançılarını, habelə iki ölkənin azarkeşlərini tarixən bir çox məqamlar bağlayır”.
Birinci Avropa Oyunlarının ilin ən mühüm idman hadisəsi olduğunu bildirən A.Jukov deyib: “Bakıda Rusiyanı güclü atletlər, o cümlədən Olimpiya və dünya çempionları təmsil edəcəklər. Buna görə də komandamızın müvəffəqiyyətlə çıxış edəcəyinə bel bağlaya bilərik”.
Azarkeşlər evinə gələnlərin əfsanəvi samboçu, dördqat dünya çempionu Fyodor Yemelyanenkonun idman gödəkçəsini geyinmək, bədii gimnastika üzrə ikiqat Olimpiya çempionu Yevgeniya Kanayevanın gürzünü və gimnastika lentini əlində saxlamaq və hətta çimərlik futbolu üzrə Rusiya Komandasının xoşbəxt talismanında – qulaqlı “çempion papağında”, yaxud Olimpiya oyunlarının bürünc mükafatçısı, Milli Basketbol Assosiasiyasının peşəkar basketbolçusu Timofey Mozqovun formasında şəkil çəkdirmək imkanı olacaq. Onlar, həmçinin 3D-eynəklərdə idman yollarına atletlərin gözü ilə baxa biləcəklər.
Azarkeşlər evi iyunun 12-dən 28-dək acıq olacaq. Giriş sərbəstdir.