26 May 2014 12:40
712

Türkiyənin əfsanə futbolçularından Hakan Şükür mətbuata maraqlı açıqlamalar verib. Belə ki, keçmiş futbolçu Fatih Terimin komandadan qalmaqallı gedişi barədə danışıb.

Teleqraf.com xəbər verir ki, keçmiş futbolçu, indiki millətvəkili H.Şükür Terimin gedişinə səbəb olan əsas problemlərdən danışıb:

“ “Qalatasaray”da eniş dönəmi Fatih Terimin dövründə başlamışdı. Bəlkə də edilən transferlər məşqçinin istəmədiyi oyuncular idi. Orada bir anlaşılmazlığın olduğu bəlli idi. İki il çempion olan bir komandadan məşqçi qovulursa, bu böyük səhvdir. Amma bəzi anlaşılmazlıqlar var idi. Rəhbərlik belə bir qərar aldı, Terim də milli komanda kimi vacib bir yeri seçdi. Məncə işin əsası budur. İki il çempion olmuş bir komandadan ayrılmaq yalnız məşqçinin öz təşəbbüsündə deyil, mütləq bəzi problemlər vardır”.

Daha sonra Hakan Şükür jurnalistin - “Ardanın komandası "Atletiko" (Madrid) İspaniyada çempion oldu. Siz də bir zamanlar İtaliyada futbol oynadınız. Ardanın bu uğurlarını necə görürsünüz?” sualına belə cavab verib:

“Keçmişdə Arda ilə bağlı fərqli şeylər deyənlər oldu. Bu gün üzr istəyənlər, “biz də səhv etdik” deyənlər var. Arda, o komandaya çox şey qatdı. Arda orada komanda oyununa, sistemə adaptasiya oldu. O, çox sevimli, keyfiyyətli, qabiliyyətli və xarakterli bir oyunçudur. “Atletiko”nun qarşısında iki çox əhəmiyyətli - “Real” (Madrid) və “Barselona” kimi komandalar var. Onlarla mübarizə apara bilmək üstünlüyünü qazanıblar. Möhtəşəm azarkeş kütləsi var.

Arda mənim əlimdə böyüdü. Birlikdə qaldıq, birlikdə yaşadıq. Hələ tez-tez görüşəcəyik. Dəyər verdiyim bir qardaşımdır, mən onun uğurları ilə qürur duymaqdan başqa heç nə söyləmərəm. Hər matçdan sonra zəngləşib danışarıq. Təbii ki, Türkiyəyə gələndə də görüşürük”.

Aygün İlqarqızı


Müəllif: