“Komandamızda çatışmazlıqlar var. Düşünürdüm ki, ilk oyunda bəzi problemlər olacaq. Bir neçə variantdan istifadə etdik.
Publika.az xəbər verir ki, bunu Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Rudar"la ilk oyunu şərh edərkən deyib:
“Rəqib komanda şəklində yaxşı müdafiə olundular. Bizim də düşünülmüş hücumlarımız oldu. Lakin rəqib müdafiədə diqqətli idi.
Mümkün qədər zərbələr vurmağa çalışdıq. Hər oyunda futbolçularım qapıya uzaqdan 3-4 zərbə vurur. Klubun yeni futbolçularının oyununa gəlincə, normal çıxış etdilər. Amma hələ tam hazır deyillər. Daha yaxşı oynayacaqlarına ümid edirik”, - Qurbanov əlavə edib.
Çernoqoriyanın "Rudar" klubunun baş məşqçisi Mirko Mariç də oyunla bağlı fikirlərini səsləndirib:
“Normal oyun keçdi. Komandamdan razı qaldım. Futbolçularımı təbrik edirəm. Verilən tapşırıqları yerinə yetirdilər. Səfər oyununda 0:0 hesablı heç-heçə yaxşı nəticədir. Hər şeyə cavab oyununda aydınlıq gələcək. Favorit yenə də "Qarabağ"dır. Hər iki komandanın mərhələni adlamaq şansı var. Amma "Qarabağ" Çernoqoriyada bir qol vursa, bizə çətin olacaq”.
Xəbər verdiyimiz kimi, çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda evdə "Rudar"ı (Monteneqro) qəbul edən "Qarabağ" rəqibi ilə 0:0 bərabərə qalıb.