İyulun 17-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” komandası səfərdə Serbiyanın “Çukariçki” kollektivinin qonağı olub.
AZƏRTAC xəbər verir ki, Belqraddakı “Çukariçki” stadionunda keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnıy, Vitali Vernidub, Rafael Santos, Urfan Abbasov, Rikardiniyu, Qeorqe Floresku, Rəşad Sadiqov, Cavid Hüseynov, Aleksey Qay, Sergey Zenev və Aleksey Antonov yer alıblar.
“Çukariçki”nin ilk on birliyində isə Nemanya Stevanoviç, Lukas Plasentin, Filip Stoykoviç, Boyan Ostoiç, Rayko Brejançiç, Draqolyub Srniç, Branislav Yankoviç, Petar Boiç, Nikola Stoilkoviç, Andriya Pavloviç və Slavolyub Srniç meydana çıxıblar.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 4-cü dəqiqəsində rəqib komandanı əks-hücumda yaxalayan qəbələli futbolçular “Çukariçki”nin cərimə meydançasına daxil olsalar da, Sergey Zenevin zərbəsi dəqiq olmayıb. Görüşün 19-cu dəqiqəsində isə “Qəbələ”nin müdafiəçiləri Draqolyub Srniçin zərbəsini dəf ediblər. 26-cı dəqiqədə serbiyalı futbolçu Rayko Brejançiçin cərimə zərbəsindən vurduğu top qapıdan bir neçə santimetr aralı keçib. Oyunda təzyiqi get-gedə artıran “Çukariçki” futbolçuları 30-cu dəqiqədə təhlükəli hücum təşkil etsələr də, “Qəbələ”nin müdafiəçisi Rafael Santos rəqib futbolçu Filip Stoykoviçin fərqlənməsinə son anda mane olub. 36-cı dəqiqədə “Qəbələ”nin baş məşqçisi oyunda sarı vərəqə almış Qeorqe Floreskunun yerinə meydana Dodonu çıxarıb.
Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
İkinci hissədə daha sürətli oyun göstərən komandalar ilk dəqiqələrdə qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıblar. 48-ci dəqiqədə rəqibin cərimə meydançasında qapıçı ilə təkbətək qalan Arif Daşdəmirov topu boş qapıya yönəltsə də, özünü yetirən müdafiəçilər təhlükəni sovuşdura biliblər. Qarşılaşmanın 53-ci dəqiqəsində “Qəbələ”nin qapısına təyin olunan on bir metrlik cərimə zərbəsini Nikola Stoilkoviç dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb – 1:0. Sonrakı dəqiqələrdə komandalar qarşılıqlı hücumlar etsələr də hesab dəyişməyib.
Beləliklə, “Qəbələ” UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsini adlamaq şansını cavab oyununa saxlayıb.
Oyunu rumıniyalı baş hakim Radu Petresku idarə edib. Onun köməkçiləri isə həmyerliləri Ovidiu Artene, Vladimir Urzika və Marsel Birsan olublar.
Matçın UEFA nümayəndəsi portuqaliyalı Joze Gilyerme Aguiar, hakim-inspektoru isə Albaniya təmsilçisi Plarent Kotherja olublar.