23 İyul 2015 02:10
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi” futbol klubunun icraçı direktoru Elnur Məmmədov iyulun 22-də U-17 komandanın üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən E.Məmmədov əsas məqsədin gələn il 17 yaşadək komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyətinə düşmək olduğunu bildirib.

Bildirib ki, 2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığmamız dünya çempionatının final mərhələsində mübarizə aparıb. İndi isə 17 yaşadək oğlan futbolçulardan ibarət milli komandamız ilk dəfə olaraq Avropa çempionatının final mərhələsində iştirak edəcək. Belə mötəbər turnirlərdə Avropanın, demək olar ki, bütün klublarının seleksiyaçılarının gözü final mərhələlərində iştirak edən futbolçularda olur. O deyib: “Siz futbolçular üçün böyük şans yaranıb. U-17 millimizin heyətinə düşməklə həm Azərbaycan futboluna fayda verə, həm də əcnəbi skautların diqqətini cəlb etməklə daha da uğurlu karyera qura bilərsiniz. Bunları nəzərə alaraq, sentyabrdan sizin üçün ingilis dili kursları təşkil edəcəyik”.

On yeddi yaşadək futbolçuların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan Elnur Məmmədov hazırlıq prosesinin gedişi ilə yaxından tanış olaraq U-17 üzvlərinin hər birinə yeni mövsümdə uğurlar arzulayıb.


Müəllif: