Yeni mövsümə Çində hazırlaşan "İnter", çernoqoriyalı ulduz Stefan Yovetiçi heyətinə cəlb etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu haqda italyan nəhənginin rəsmi "Twitter" səhifəsində məlumat verilib. Açıqlamada deyilir ki, Stefan Yovetiç sabah Milana gələcək və çərşənbə axşamı sağlıq yoxlamalarından keçəcək.
"İnter" transferin detallarını açıqlamayıb, amma İtalya mətbuatı Stefan Yovetiçin 13 milyon avro qarşılığında transfer edildiyini iddia edir.
Qeyd edək ki, 2013-2014 mövsümündə 26 milyon avro qarşılığında "Fiorentina"dan "Mançester Siti"-yə transfer olan 25 yaşlı futbolçu, keçən mövsüm 26 qarşılaşmada çıxış edib və 5 qol vurub.