1 Avqust 2015 14:06
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ" "Apollon"la oyunda baş verənlərlə bağlı bəyanat yayıb.

Futbol klubundan Teleqraf.com-a daxil olan bəyanatın mətnində deyilir:

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Cənubi Kiprin Larnaka şəhər stadionunda keçirilmiş “Apollon” - “Qəbələ” (1:1) oyununda baş verən hadisələr dərin təəssüf hissi doğurub. Futbol ictimaiyyətinin diqqətinə çatdırmaq istərdik ki, matçdan öncə həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilib. Eyni zamanda, daha öncə klub və milli komandalar səviyyəsində Cənubi Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılıb. Xatırladaq ki, "Qəbələ"nun kapitanı Cavid Hüseynov 2006-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan - Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalıb.

Təəssüf hissi ilə qeyd etməliyik ki, keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşanıb. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və “Apollon” klubunun rəhbərliyinə etirazımız bildirilob və məsələyə müdaxilə etmələri tələb edilib. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını alıb.

Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam edib. “Apollon” azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinməyib.

Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan “Qəbələ” İK idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşıdı. Bu səbəbdən 6 avqust 2015 tarixində keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırırıq".


Müəllif:

Oxşar xəbərlər