"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə üz-üzə gələcək.
Bern şəhərini təmsil edən klub 1898-ci ildə yaradılıb.
Çempionlar Liqasının III təsnifat mərhələsində "Monako"ya (Fransa) uduzaraq mübarizəni dayandıran "Yanq Boyz" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda "Qarabağ"la yarışacaq.
Komanda oyunlarını 32 min tamaşaçı tutumuna malik "Vankdorf" stadionunda keçirir. İlk rəsmi matçını 1898-ci il, 29 iyunda "Qrünau" klubuna qarşı keçirən "Yanq Boyz" 1957-ci ildə İsveçrədə ilin komandası seçilib.
Tarixi ərzində 11 dəfə İsveçrə çempionluğu yaşayan 117 yaşlı komanda sonuncu dəfə 1985/1986 mövsümündə çempionatın qızıl medallarına sahib çıxıb. Altı dəfə ölkə kubokuna yiyələnən "Qarabağ"ın rəqibinin avrokuboklarda kifayət qədər təcrübəsi var.
Avrokuboklarda 1957/1958 mövsümündə debüt edən "Yanz Boyz" ilkin təsnifat mərhələsində Macarıstanın "Vasas" klubuna iki oyunun nəticəsinə görə uduzaraq mübarizəni dayandırıb. 2010/2011, 2012/2013 və 2014/2015 mövsümlərində Avropa Liqasının qrup mərhələsində oynayan komanda ötən mövsüm 1/16 finala qədər irəliləyib. Lakin "Everton"a (İngiltərə) hər iki görüşdə uduzan (1:4, 1:3) "Yanq Boyz" mübarizəni dayandırıb.
Klubun prezidenti Verner Müller, baş məşqçisi isə Uli Fortedir. Əsasən yerli futbolçulardan təşkil olunmuş komandada legionerlərin də sayı az deyil. Belə ki, "Yanq Boyz"da Serbiya, Çexiya, Venesuela, Fil Dişi Sahili, İsveç, Makedoniya, Yaponiya, Qana və Yaponiyadan olan futbolçular çıxış edir. Rəqibin ən təhlükəli futbolçusu fransalı Qiyom Oaro sayılır.
Qeyd edək ki, "Yanq Boyz" və "Qarabağ" arasında ilk oyun avqustun 20-də İsveçrədə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.