"İndidən yalnız "Yanq Boyz" haqqında düşünmək doğru olmaz.
Teleqraf.com-un "Qarabağ" futbol klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu komandanın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları İsveçrənin "Yanq Boyz" klubu ilə oyunu şərh edərkən deyib.
Baş məşqçi qeyd edib ki, avrokubokun bu mərhələsində zəif rəqib olmur: "Püşkatmadan sonra “Yanq Boyz” haqqında kiçik araşdırma apardım. Maraqlı komandadır. Zəngin Avropa təcrübəsinə malikdirlər. Həmçinin avrokuboklarda yaxşı nəticələri var".
Onun sözlərinə görə, ümumiyyətlə, püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindir: "Rəqibin oyununu canlı görməmiş dəyərləndirmək çətin olur. Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibi canlı görmək başqadır. Onun əsl gücünü onda görürsən. Bizi qarşıda “Qəbələ” ilə çətin çempionat oyunu gözləyir. Həmçinin “Seltik”lə görüşü də hələ tam yaddan çıxarmamışıq. Yəni indidən yalnız “Yanq Boyz” haqqında düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi “Qəbələ” ilə matça yönəltmişik".
Rüstəm