13 Avqust 2015 11:39
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.

Teleqraf.com xəbər verir ki, yarışların ilk günündə 1 gümüş medal qazanan komandamız 2-ci gün daha uğurlu çıxış edib. İkinci yarış günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

55 kq-da mübarizə aparan Murad Məmmədov bütün görüşlərini tam üstünlüklü qələbə ilə başa vurub. Hindistan, İran, Özbəkistan, Ermənistan, finalda isə Bolqarıstan idmançısına xal vermədən qalib gələn güləşçimiz ümumi hesabda rəqiblərindən 42 xal alıb və dünya çempionatının qızıl medalına sahib olub.

66 kq çəkidə yarışan Ruhin Mikayılov Almaniya, Qazaxstan və Ermənistandan olan rəqiblərinə qalib gəlib, ancaq yarımfinalda Gürcüstan təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Türkiyəli rəqibinə də qalib gələrək, dünya çempionatını medalla başa vurub və fərxi kürsünün üçüncü pilləsində qərarlaşıb.


84 kq-da mübarizə aparan İslam Abbasov Venesuela, İsveç, Rusiya və Gürcüstan güləşçilərini məğlub edərək, finala vəsiqə qazanıb. Finalda Türkiyə təmsilçisi ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb və İslam Abbasov dünya çempionatının gümüş medalına yiyələnib.

Ümumilikdə, 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yunan-roma güləşçilərimiz 53 xal toplayaraq, dünya çempionatını komanda hesabında ikinci yerdə başa vurub. Gürcüstan 60 xalla birinci, Rusiya 47 xalla üçüncü olub.


Müəllif:

Oxşar xəbərlər