Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə dünya kubokunda daha bir növdə qaliblər müəyyənləşib.
Publika.az xəbər verir ki, kişilər 10 metr məsafədən tapança ilə atəş açmaqda mübarizə aparıb.
8 idmançının mübarizə apardığı final mərhələsi cənubi koreyalı Çeonqyonq Kimin qələbəsi ilə başa çatıb. O, yarışı 199,0 xalla başa vurub.
Asiyalı ilə final atışlarında üz-üzə gələn qazaxıstanlı Vladimir İsaçenko həlledici anda səhvə yol verib. Nəticədə üstünlüyünü əldən verən Qazaxıstan təmsilçisi rəqibindən 1,6 xal geri düşüb.
Liderlərdən iki dəfə az atəş açan slovakiyalı Juray Tuzinski 178,9 xal toplayıb. O, həlledici duelə qatılmaq hüququnu 0,4 xal uduzmaqla əldən verib.
Bu növdə ölkəmizi üç idmançı təmsil edib. Ən yaxşı təmsilçimiz Ruslan Lunyov seçmə mərhələdə 50-ci olub – 571 xal. Rəsul Məmmədov 557 xalla 105-ci, Ürfan Axundov 553 xalla 112-ci olub.
Qeyd edək ki, bu növdə 116 idmançı mübarizə aparıb.