“Barselona”da qapıçı böranı yaşanır. Teleqraf.com xəbər verir ki, əsas qolkiper Viktor Valdesdən sonra ikinci qapıçı Xose Manuel Pinto da mövsümün sonunda komandanı tərk etmək qərarına gəlib. Bir çoxları Pintonu “Real”la görüşün antiqəhramını sayırlar. Ancaq qapıçının qərarı Kral kubokundakı məğlubiyyətlə əlaqədar deyil.
Pinto 2007-ci ildə “Barselona”ya gəlib və uzun müddət ehtiyat oyunçular skamyasında oturub. Mövsümün sonunda klubla müqaviləsi başa çatan Pinto təzyiqlərlə üzləşdiyindən müqaviləni uzatmamaq qərarına gəlib.
Qeyd edək ki, UEFA tərəfindən 1 illik transfer qadağasına məruz qalmış “Barsa” qapıçı transfer edə bilməyəcəyinə görə, əvəzedici heyətdən qapıçı cəlb etməyi düşünür.