Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF), “Elite Horse and Polo Club” və “World Polo”nun birgə təşkilatçılığı ilə sentyabrda ölkəmizdə ilk dəfə Beynəlxalq Polo Federasiyasının birinci Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ötən iki ildə Bakıda ARAF və “Elite Horse and Polo Club”un birgə təşkilatçılığı ilə atçılığın polo növü üzrə iki dəfə dünya kuboku yarışları təşkil olunub. Yüksək səviyyədə keçirilmiş “Arena Polo World Cup Azerbaijan” turnirlərindən sonra qazanılan nailiyyətlərin nəticəsi olaraq cari ildə Azərbaycan daha bir böyük yarışa ev sahibliyi edəcək.
Sentyabrın 4-dən 12-dək davam edəcək yarışlarda Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycandan olmaqla, ümumilikdə altı komanda Beynəlxalq Polo Federasiyasının birinci FİP Arena Polo Avropa çempionatının qalibi olmaq uğrunda mübarizə aparacaq. Sentyabrın ilk həftəsində komandalar qum örtüyü olan qapalı, sentyabrın 10-12-də isə ot örtüyü olan açıq manejdə yarışacaqlar. Hər komanda üç əsas və iki ehtiyat oyunçudan ibarət olacaq.
Turnirin təqviminə əsasən sentyabr 4-də Azərbaycan Almaniya, bir gün sonra İtaliya, ayın 6-da isə İrlandiya ilə qarşılaşacaq. Təmsilçilərimiz sentyabrın 10-da İsveçrə, növbəti gün isə İspaniya komandası ilə qarşılaşacaq.
Yarışların açılış mərasimi və komandaların təqdimatı sentyabrın 10-da olacaq.
Azərbaycan atlarının paradı, beşinci və üçüncü yer uğrunda oyun, Avropa çempionatının finalı və yarışların mükafatlandırma mərasimi sentyabrın 12-də olacaq.
Biletləri Bakıdakı kassalardan, eyni zamanda, www.araf.az internet saytında onlayn əldə etmək mümkündür.
Qədim çövkən oyunun vətəni olan Azərbaycan 2013-cü ildən etibarən Beynəlxalq Polo Federasiyasının üzvüdür. Bu beynəlxalq turnirin Azərbaycanda keçirilməsi barədə qərar 2014-cü ilin dekabrında Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında qəbul edilib.
Keçən il keçirilmiş polo üzrə ikinci dünya kuboku yarışlarında möhtəşəm çıxışı ilə yadda qalan Azərbaycan komandası bu il də azarkeşlərini sevindirməyə çalışacaq.