Ağır atletika üzrə dünyaca məşhur türkiyəli atlet Halil Mutlu Azərbaycana gəlib. Onun ölkəmizdə olarkən çəkilmiş fotoları sosial şəbəkədə paylaşılıb. Şəkildə H.Mutlunun yanında ikiqat dünya, beşqat Avropa çempionu, bir zamanlar ağır atletikada möhür qoymuş Hafiz Süleymanov da var.
Elə əfsanəvi idmançının ölkəmizə gəlmə səbəbini H.Süleymanovdan soruşduq. O, Publika.az-a belə açıqlama verdi:
“Hazırda Halil Mutlu Azərbaycandadır, indiAstaradayıq. “Zirvə” idman klubunun yarışı keçirilir. Bu gün “9-cu Zirvə Kuboku” start götürür. Elə bu səbəbdən də Halil Mutlu ölkəmizdə qonaq olub. Ayın 30-na qədər Lənkəran və Astara bölgəsində olacağıq. Daha sonra buradan Türkiyəyə qayıdacaq”.
Daha sonra H.Süleymanov yarışla bağlı da danışdı:
“Turnirlə bağlı deyə bilərəm ki, yarışa Azərbaycandan başqa 11 ölkənin (ABŞ, Polşa, Bolqarıstan, Türkiyə, Ukrayna, Belarus, Moldova, Rusiya, İsrail, Gürcüstan, İran və Azərbaycan) idmançıları qatılıb. Təbii ki, Türkiyədən də idmançılar iştirak edir.
Turnirdə mənim 3 yetirməm - Firudin Quliyev, Anastasiya İbrahımli, Lovo Krıstına iştirak edir”.
Qeyd edək ki, Hafiz Süleymanovun keçmiş komanda yoldaşı, dəfələrlə Avropa rekordunu qırmış Yasin Arslan da ölkəmizdədir. Onun tələbələri də bu yarışda iştirak edir.
Xatırlatma...
Halil Mutlu 3 qat olimpiya, 9 qat Avropa, 5 qat dünya çempionudur. Onun Hafiz Süleymanovla dostluğu azərbaycanlı idmançının Türkiyəyə getməsi ilə başlayıb.
Belə ki, SSRİ dövründə Türkiyədə qardaş ölkənin bayrağı altında yarışlara qatıldığı zamandan hər iki idmançı dünya və Avropa arenalarında ağır atletika sahəsində öz sözlərini deyiblər.
Düzdür, Hafiz Süleymanovun ölkəsini tərk etməsi SSRİ-də heç də xoş qarşılanmayıb. Ancaq SSRİ-nin vətən xaini adlandırdığı azərbaycanlı idmançını prezident Turqut Özal özü şəxsən qarşılayıb. Türkiyədə yaşayarkən KQB onu daim izləyib.
Ən adlı-sanlı azərbaycanlı ağır atlet Hafiz Süleymanov “Süleymanoğlu” soyadı ilə türk bayrağı altında mübarizə aparıb.