Güləşçimiz Elvin Mürsəliyev Rio Olimpiadasına vəsiqə qazanıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 7-dən Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı start götürüb.
Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında ölkəmizi Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.
İlk yarış günündə 66, 75 və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşir.
75 kq-da mübarizə aparan Elvin Mürsəliyev ilk olaraq Meksikadan Juan Angel Escobar, ardınca, Slovakiyadan Jure Kuhar, Rumıniyadan İlie Cojocari üzərində qələbə qazanıb. 1/4 finalda güləşçimiz Qırğızıstandan Atabek Azizbekov üzərində inamlı qələbə qazanmaqla yarımfinala yüksəlib. Bu qələbə həm də ölkəmizə 75 kq çəki dərəcəsində Olimpiya lisenziyası qazandırıb. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Roman Vlasova məğlub olsa da, bürünc medal uğrunda həlledici görüşə çıxıb. Son rəqib Qazaxstanlı Dostjan Kartikov olub. Görüş rəqibin 1:0 üstünlüyü ilə tamamlanıb və Elvin Mürsəliyev Dünya çempionatını 5-ci sırada bitirib.
Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.