“Reuters” agentliyinin verdiyi məlumata görə, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti vəzifəsinə öz namizədliyini irəli sürdüyünü elan edib.
TASS agentliyi əl-Hüseynin bu sözlərini sitat gətirir: “Mən başladığımız işi sona çatdırmaq istəyirəm. Biz çox uzağa getmişik. Mən gördüyümüz işə inanıram. FİFA yalnız yeni rəhbərlik sayəsində dəyişə bilər. Keçmiş hərəkətləri ilə özünü biabır etmiş əvvəlki komanda başda olmaqla FİFA-nın yenə qayıda biləcəyinə inanmıram”.
Şahzadə əl-Hüseyn bu il mayın 29-da Sürixdə keçirilmiş seçkilərdə FİFA-nın fəaliyyətdə olan rəhbəri Yozef Blatterin yeganə rəqibi idi. Gizli səsvermənin birinci turunda Blatterə uduzandan sonra şahzadə öz namizədliyini geri götürdü.
İsveçrəli bu vəzifəyə seçiləndən bir neçə gün sonra FİFA-da baş vermiş korrupsiya qalmaqalı fonunda istefa verdiyini elan etdi. FİFA rəhbəri vəzifəsinə növbədənkənar seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək. O vaxta qədər Blatter təşkilatın başçısı vəzifələrini icra edəcək.
Əl-Hüseyn bu təşkilatda hansı islahatlar keçirilməli olduğunu qısaca belə izah edib: “May ayında keçirilən seçkilərdən sonra mən FİFA-da necə islahatlar aparılması haqda çox düşünmüşəm. Bu, çətin məsələdir. Biz orada kök salmış korrupsiyanı və məsələlərin həllinin siyasi metodlarını aradan qaldırmalıyıq. Mən geri çəkilərək, əvvəlki sistemin yenə işləməsinə imkan verə bilmərəm. FİFA-nın üzvlərinə deyirəm, siz bu təşkilatın özəyisiniz və FİFA sizə xidmət etməlidir. FİFA şəxsi dükan və ya şəriklərdən ibarət kiçik bir qrup deyil”.
FİFA prezidenti vəzifəsinə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri Mişel Platini, FİFA-nın sabiq vitse-prezidenti, cənubi koreyalı Çxon Mon Cun və OMİK-in keçmiş baş məşqçisi braziliyalı Ziko da öz namizədliklərini irəli sürüblər.
AZƏRTAC xəbər verir ki, keçmiş futbolçular Diyeqo Maradona, David Jinola və Sequn Odeqvami, habelə Liberiyanın Futbol Assosiasiyasının rəhbəri Musa Biliti öz namizədliklərini irəli sürmək arzularını daha əvvəl bildiriblər. FİFA-nın baş katibi Jerom Valkenin də seçkilərdə iştirak etməsi istisna olunmur.