24 Sentyabr 2015 22:29
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına sentyabrın 25-də start veriləcək. Turun oyunları yenə də 3 gün ərzində keçiriləcək.

6-cı turun afişasını təqdim edirik.

“Qəbələ” özü onlara bu şansı verməsə...

İlk oyun günündə Avroliqa iştirakçısı “Qəbələ” də meydana çıxacaq. Əslində bu qarşılaşma sentyabrın 27-də keçirilməliydi. Ancaq klub rəhbərliyi Krasnodara səfər edəcəklərini nəzərə alaraq, oyunun iki gün əvvələ çəkilməsi xahişilə PFL-ə müraciət etmişdi. Qurum isə onların bu xahişini yerinə yetirdi. Heç şübhə olmasın ki, Roman Qriqorçuk “Rəvan”la oyunda “Krasnodar”la qarşılaşmanı düşünəcək. Avropa Liqasının qrupundakı 2-ci qarşılaşma “Qəbələ” üçün çox vacibdir. Komanda səfərdən ən azı bir xalla qayıda bilsə, qrupdan çıxmaq şansını artıracaq. Güman ki, Qriqorçuk “Krasnodar”la oyunda da legionerlərin xidmətindən yararlanacaq. Ola bilsin ki, ukraynalı mütəxəssis əsas silahlarından sayılan legionerlərə “Rəvan”la oyunda dincəlmək şansı versin. “Rəvan” yalnız bu halda “Qəbələ”dən xal almaq şansı qazana bilər. Emin Quliyevin çalışdırdığı komandanın günü-güzəranı hər kəsə bəllidir. Qələbə üzünə həsrət qalan komanda “Qəbələ”yə qalib gələcək gücdə deyil. Təbii ki, “Qəbələ” özü onlara bu şansı verməsə...

Statistika nə deyir?

“Rəvan” son 5 qarşılaşmada qalib gəlməyib. “Qəbələ” səfərdəki bütün matçlarda qələbə qazanıb.

Rəvan - Qəbələ: 8 oyun, 2 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 8:16.

“Kəpəz” “autsayder” statusu ilə barışmalıdır?

Günün digər qarşılaşmasında “İnter” “Kəpəz”i qəbul edəcək. Ağır maliyyə durumuna rəğmən, “İnter” hər kəsi təəccübləndirir. Bankirliyindən əsər-əlamət qalmayan “Bankirlər” liderlər qrupunda qərarlaşıblar. “Kəpəz” isə hələ də statusunu müəyyənləşdirmək üçün çabalayır. “Qarabağ”la oyun göstərdi ki, Gəncə klubu iddialılarla mübarizə aparmaq gücündə deyil. Bu komanda olsa-olsa ortabab ola bilər. Amma bunun üçün də “İnter”lə oyundan ən azı bir xalla ayrılmaq vacibdir. “İnter” liderlər qrupunda olsa da, etiraf edək ki, “Qarabağ” deyil. “Kəpəz” bu komandaya da müqavimət göstərə bilməyəcəksə, onda “autsayder” statusu ilə barışmalıdır.

Statistika nə deyir?

“İnter” son 3 qarşılaşmada qalib gəlib. “Kəpəz” 5 oyundur qalib gələ bilmir. Paytaxt təmsilçisi tarixi ərzində evdə gəncəlilərə uduzmayıb.

İnter - Kəpəz: 18 oyun, 12 qələbə, 2 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 38:18.

“Neftçi”ni biabırçı təslimçilikdən nə xilas edə bilər?

Sentyabrın 26-da daha bir Avroliqa iştirakçısı - “Qarabağ” da meydana çıxacaq. Rəqib isə “Neftçi”dir. Heç şübhə olmasın ki, “Neftçi”nin bəxti gətirib. Bəxti gətirib ki, “Qarabağ” “Neftçi” ilə oyunu yox, “Anderlext”lə qarşılaşmanı düşünəcək. Yoxsa, “Neftçi” o dünyanı görüb, qayıtmalı olacaqdı. Cəmisi 14 futbolçusu olan, meydanda da azlıqda qalan bir komandaya - “Xəzər Lənkəran”a qalib gələ bilməyən “Ağ-qaralar” “Qarabağ”a neynəyə bilər? Güman ki, şanslarının olmadığını elə Samir Əliyev də bilir. “Neftçi”ni biabırçı təslimçilikdən bir şey xilas edə bilər - Qurban Qurbanovun meydana eksperimental heyəti buraxması. Güman ki, indi “Neftçi” rəhbərliyi və məşqçilər korpusu yalnız bunun üçün dua edirlər. Qurban Qurbanov onların duasını eşidəcəkmi?

Statistika nə deyir?

“Qarabağ” son 8 qarşılaşmada uduzmayıb. “Neftçi” bu qarşılaşmalarda cəmi 3 xal əldə edib. Ağdam təmsilçisinin son 5 ev oyunundan 4-də hər iki komanda qol vurub.

Qarabağ – Neftçi: 60 oyun, 20 qələbə, 23 heç-heçə, 17 məğlubiyyət, top fərqi – 59:57.

AZAL hansı məqamdan yararlanmalıdır?

Günün digər qarşılaşmasında isə çempionatın autsayderləri - “Sumqayıt”la AZAL qarşılaşacaq. Hər iki komanda qələbə üzünə həsrətdir. “Sumqayıt” heç olmasa 3 heç-heçə ilə 3 xal qazana bilibsə, AZAL nə xal əldə edib, nə də qol vurub. “Təyyarəçilər” biabırçı statistikadan qurtulmaq üçün “Sumqayıt”la oyuna ümid bağlamalıdır. Bu komanda qeyri-sabit oyunla bərabər, düşərgədəki gərgin əhval-ruhiyyə ilə də fərqlənir. AZAL da məhz bu məqamdan yararlanmalıdır. AFFA-nın baş katibi Elxan Məmmədovun “möhtəşəm” layihəsi isə ildən-ilə üz qızardır. “Sumqayıt” bu oyunda da qalib gələ bilməsə, Elxan Məmmədov belə layihəyə görə üzr istəməlidir.

Statistika nə deyir?

Ardıcıl 2 matçda heç-heçə qeydə alınıb. AZAL son 4 qarşılaşmada uduzmayıb. “Sumqayıt” son 6 ev görüşündə yalnız 1 dəfə qələbə qazanıb.

Sumqayıt – AZAL: 16 oyun, 3 qələbə, 7 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 17:23.

“Zirə”nin dizi “fırtınalar meydanı”nda yerə gələcək?

Çempionatın son oyunu Lənkəranda baş tutacaq. “Xəzər Lənkəran” “Zirə”ni qəbul edəcək. “Ağ-yaşıllar”ın durumu hər kəsə bəllidir. FİFA-nın tətbiq etdiyi qadağa ucbatından Yunis Hüseynov gənclərə güvənmək məcburiyyətindədir. Amma bununla belə, “Xəzər Lənkəran” hələ ki, mütəxəssisləri təəccübləndirir. Elə çempionatın debütantı da hamını təəccübləndirir. Hələ ki, “Zirə”nin dizini bükən olmayıb. “Xəzər Lənkəran” “Neftçi” ilə oyundakı əzmkarlığı bu dəfə də göstərə bilsə, “Zirə”nin dizinin “fırtınalar meydanı”nda yerə gələcəyi şəksizdir.

Bu komandalar indiyədək qarşılaşmayıblar.

Azərbaycan Premyer Liqası. 6-cı tur

25 sentyabr

19:00 İnter – Kəpəz

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Arif Fərəcov.

Hakim-inspektor: Vüsal Əliyev.

“İnter Arena”

20:00 Rəvan – Qəbələ

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov.

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Murad Məmmədov.

“Bayıl Arena”

26 sentyabr

Qarabağ – Neftçi

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov.

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Namiq Məstanov.

Hakim-inspektor: Gülağa Cabbarov.

Qeyd: “Qarabağ” – “Neftçi” görüşünün yeri və vaxtı dəqiqləşdikdən sonra bu barədə məlumat veriləcək.

19:00 Sumqayıt – AZAL

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Xaqani Məmmədov.

“Kapital Bank Arena”

27 sentyabr

21:00 Xəzər Lənkəran – Zirə

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev.

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Fazil Mürşüdov.

“Xəzər Lənkəran” mərkəzi stadionu


Müəllif:

Oxşar xəbərlər