Bu gün AFFA və PFL birgə açıqlama yayıb.
Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, açıqlamada bildirilib ki, Azərbaycan Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən “CBC Sport” telekanalına satılıb. “CBC Sport” 700 min manat ödəyərək Premyer Liqanın eksklüziv yayım hüququna yiyələnib.
Açıqlamada daha sonra qeyd olunur ki, AFFA, PFL və klublar saytlara, eləcə də televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz.
"Nəzərinizə çatdırırıq ki, oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdur. Digər televizya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılacaqlar.
AFFA və PFL olaraq, bütün saytlardan, televiziya kanallarından xahiş edirik ki, Topaz Premyer Liqasının oyunlarından aparılan videoçəkilişlər, eləcə də yerləşdirilən videoicmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etsinlər. Anlayışınız üçün təşəkkür edirik" - deyə məlumatda bildirilir.