6 Oktyabr 2015 14:00
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sağlamlıq üçün sürətli gəzmək lazımdır"

“Sağlam həyat - sağlam idmanın nəticəsidir”. Bu deyimlə tez-tez rastlaşırıq. Araşdırmalar da göstərir ki, idmanla məşğul olan insanlar yüksək əhvali-ruhiyyəli, enerjili və sağlam həyat yaşayırlar. Azərbaycanda da idmanla məşğul olanlar az deyil. Amma budəfəki müsahibimiz 76 yaşlı veteran idmançı Tarıverdi Əliyevdir.

“Sağa-sola baxdım və həmin kitabı oğurladım”

Onunla söhbətləşmək üçün ünvanı dəqiqləşdirib evinə getdik. Qapıdan içəri daxil olanda ilk gözə dəyən divardan asılmış medallar oldu. Müsahibimiz hansı medalı hansı yarışda qazanması barədə məlumat verdi. Bu vaxt evin xanımı Xuraman Əliyeva otağa daxil oldu və gülərək bildirdi ki, “Tarıverdinın qazandığı medallar mənim mebelimi zəbt edib”.

Tarıverdi Əliyev 1939-cu ilin yanvarında Astara rayonunda anadan olub. Atası əsgərliyə gedib, anası müharibə zamanı ölüb: “Baxacaq kimsəm olmadığı üçün qohumlarım məni üç yaşımda Astara rayonundakı uşaq evinə veriblər. 15 yaşım olanda uşaq evini bağladılar və məni Bakıda yerləşən sənət məktəbinə yolladılar. Bakıda rəngsazlığı bitirdim. Daha sonra o zamankı İnşaat Mühəndisləri İnstitutuna daxil odum, oranı bitirən kimi təyinatımı Moskvaya verdilər. 30 il orada yaşadım”.

Elə orada yaşayan zaman idmana həvəs göstərdiyini deyən həmsöhbətim xatırlayır ki, təmir zamanı kitabxanadan tapdığı kitab onun idmana marağını artırıb: “Əsgərlikdə olanda hərbi hissədə təmir gedirdi. Otaqlardakı rəfləri təmizləyəndə idman kitablarının sırasında balaca kitabça gözümə sataşdı. Baxdım ki, bu, məşhur rus qaçışçısı Vladimir Kutsdan bəhs edir. Sağa-sola boylandım, kitabı qoynumda gizlətdim.

Gecə hamı yatandan sonra kitabı oxumağa başladım. Orada qaçış idmanı, onun faydaları, nəticələri haqda geniş məlumat vardı. Kitabı oxuyub bitirdikdən sonra hər gün səhər saat altıda oyanıb qaçırdım. Daha sonra 3 kilometr qaçış üzrə birinci yer tutdum. Qaçış idmanına həvəsim daha da artdı. O gün-bu gün, hər səhər yay-qış fərqi yoxdur, qaçıram".

Azərbaycanda medal qazanmayıb

Məlumat üçün bildirək ki, 76 yaşlı veteranın 60-70 medalı var. 4 dəfə dünya, iki dəfə Avropa çempionatında iştirak edib. 5 qızıl, 1 gümüş, 6 bürünc medal qazanıb.

Tarıverdi Əliyev deyir ki, Azərbaycanda veteranlar arasında yarış keçirilmir: “Mənim Azərbaycanda bir dənə də medalım yoxdur. Qaçış üzrə veteran idmançılarımız olmadığı üçün bu idmana həvəs yox dərəcəsindədir. Cəmi bir dəfə 1999-cu ildə cavanlar arasında qaçış idmanı keçirəndə bizi də yığdılar bir yerə və yarış keçirdilər. Xaricdə iki ildən bir Avropa, iki ildən bir də dünya çempionatı təşkil olunur. Gənclər və İdman Nazirliyinə müraciət etmişik ki, veteranlar arasında yarış keçirilsin, yaxud da xaricə yollasınlar. Bildirirlər ki, nazirlik bunu təmin edə bilmir.

Qeyd edim ki, tək illərdə veteranlar arasında dünya çempionu, cüt illərdə isə Avropa çempionatı keçirilir. 12 qrup var. Mən yaşı 75-dən yuxarı olan idmançılar arasında yarışıram".

“Axşam saat 6-dan sonra yemək yediyini görməmişəm”

Müsahibimin həyat yoldaşı deyir ki, Tarıverdi soyuq, küləkli, qarlı havada da qaçır: “O, özü öz həyat tərzini qura bilib. Rejimlə yemək yeyir. Mən Tarıverdinin axşam saat 6-dan sonra yemək yediyini görməmişəm. Hər gün saat 6-da oyanıb qaçmağa gedir. 9-un yarısı evə gələndə mən artıq işə gedirəm. Günümüz belə keçir.

Qaçış onun qanına işləyib. Hava soyuq olanda deyirəm qaçma. O da bildirir ki, qaçmasam, ölürəm, yaşaya bilmərəm. Yadımdadır, bir dəfə qaçanda ayağı zədələnmişdi. Bir ay qaçmadığı üçün evdə çox darıxırdı. Həmin vaxtdan daha ona “qaçmağı saxla” demirəm. Artıq 77 yaşını qeyd etməyə hazırlaşırıq. O, belə yaşayır".

Tarıverdi Əliyevin xaricdə yarışlarda iştirakına oğlu kömək edir.

Oğlu Rusiyada yaşadığı üçün Tarıverdi Əliyev tez-tez ora gedir: “Rusiyada veteran idmançılar çoxdur, bir-birimizi tanıyırıq. Yarışların təqvimi müəyyənləşəndə biz ona diqqət yetiririk. Həmin təqvimdən hansının mənə yararlı olduğunu seçir və gedib iştirak edirəm. Mən Rusiyanın adından çıxış edirəm. Çox vaxt ödənişi oğlum edir. O, Rusiyada velosiped üzrə idmançıdır. Mənim həvəs göstərdiyimi görür, özü mənə zəng edir ki, ata, yarış var, gəl ödənişi özüm edəcəm. Keçən il 10 kilometr qaçışda Rusiya çempionu oldum”.

25-35 km qaçmaq...

Hər gün 8-12 kilometr qaçan həmsöhbətim deyir ki, dörd veteran idmançıdırlar və hər bazar Milli Parkda görüşürlər: “Bazar günləri veteran dostlarla 25-35 kilometr qaçırıq. Səhərlər stadionda qaçanda bəzi insanlar bizə qəribə baxır. Maşınla siqnal verirlər, gülürlər... Eləsi də olur, mənə qoşulur, birlikdə qaçırıq. Amma hamısının məqsədi arıqlamaqdır. Mən onlara məsləhət verirəm ki, yalnız qaçmaqla arıqlamaq olmaz. Qaçış idmanının faydaları çoxdur. Qaçış zamanı ayaqları çox yuxarı qaldırmaq olmaz. Ayağı yerə qoyarkən isə ağırlığı barmaqlara deyil, bütün pəncəyə vermək lazımdır.

Balaca addımlarla qaçmaq lazımdır. Əgər kiminsə sağlamlığı qaçmağa imkan vermirsə, qaçışı gəzinti ilə əvəz edə bilər. Müntəzəm idman etmək, bədəni hərəkətə alışdırmaq lazımdır. Əlavə olaraq qeyd edim ki, sağlamlıq üçün xeyri olsun deyə, yavaş yox, sürətli gəzmək lazımdır".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər