19 Aprel 2014 11:03
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyəsən, Avropa futbolunda daha bir era sona çatmaq üzrədir. Era deyəndə hansısa minillikdən söhbət getmir. Hər bir klubun uğurlu dönəmi olur ki, 3 il, 5 il, bəzən isə daha uzun müddət davam eləyən zaman kəsimində həmin klub iştirak elədiyi bütün yarışlarda ən az bir mükafat qazanır.

Tarix boyunca müxtəlif klubların belə uğurlu dövrlərinin şahidi olmuşuq. Stajlı futbol azarkeşləri 90-cı illərin əvvəllərində “Milan”ın necə fırtına kimi əsdiyini yaxşı xatırlayırlar. Heyətində Qullit, Raykard, Van Basten, Barezi, Maldini, Papen kimi ulduzları olan iatlyanlar həm ölkə çempionatlarında, həm də Avropa səviyyəli yarışlarda yenilməz rəqib kimi tanınırdı.

Ancaq hər şeyin bir sonu olduğu kimi, milanlıların da belə uğurlu dönəmlərinin sonu oldu. Müxtəlif səbəblərdən oyunçuların komandadan ayrılması, rəqiblərin güclənməsi, oyun şablonun köhnəlməsi və s. kimi səbəblər getdikcə komandanı sıradanlaşdırmağa başladı.

Sonrakı illərdə “Real Madrid”in də belə uzun müddətli qızıl erası oldu. Bir ara heyətində öz dövrünün “qızıl” ulduzlarını cəmləşdirən komanda “Los Qalaktikos” adlandırılırdı. Zidan, Bekhem, Roberto Karlos, Ronaldo, Fiqu, Kasillas, Raul kimi oyunçuları bir komandada cəmləməyi bacarmış “kral klubu” o dövr üçün istənilən rəqibin qorxulu röyası idi.

Ancaq zaman keçdikcə bu klubda da müəyyən qopmalar yaşandı, baş məşqçi dəyişiklikləri oldu və komanda da artıq yavaş-yavaş əvvəlki əzəmətini itirdi.

Sonuncu belə uzunmüddətli uğurlu mövsümlər keçirən komanda isə “Barselona” idi. Kataloniyalılar 2003-cü ildən başlayaraq hollandiyalı Frank Raykardın rəhbərliyi ilə artıq bu günkü komandanın bünövrəsini qoymağa başlamışdılar.

Raykarddan sonra komandanın başına keçən klubun keçmiş oyunçusu Xosep Qvardiola zamanında isə klub artıq dünya futbolunun ən yüksək zirvəsinə çıxmışdı.

Özünəxas oyun tərzi ilə fərqlənən kataloniyalılar son 7 ildə demək olar bütün mövsümləri ən az bir titulla başa vura bilmişdilər.

Artıq əfsanəvi və yenilməz komandaya çevrilən klub nə yazıq ki, son mövsüm heç də istənilən səviyyədə oyun ortaya qoya bilmir.

Əlbəttə, bunun bir çox səbəbləri var. İlkin olaraq onu qeyd eləməliyik ki, üst-üstə “Barselona” ilə titullar qazandıqdan sonra komandadan ayrılan Xosep Qvardiolanın gedişi bu düşüşə böyük təsir elədi.
Puyol, Xavi, İniesta, Fabreqas, Messi, Busqets, Dani Alveş, Pedro kimi oyunçular karyeralarının ən yüksək nəticələrini məhz Qvardiolanın rəhbərliyi altında əldə eləmişdilər.

Daxili çempionatda “Real Madrid” üzərində əzici üstünlüklər, Avropada üst-üstə qazanılan uğurlar birbaşa Qvardioalanın adı ilə bağlıdır.

Ondan sonra komandaya uzun müddət Xosepin köməkçisi işləmiş Tito Vilanova rəhbərlik eləməyə başladı ki, komanda onun rəhbərliyi altında da uğurlu oyunlar keçirə bilirdi. Ancaq Vilanovanın səhhətindəki problemlər ona komanda ilə daha çox uğur qazanmağa imkan vermədi.

Yeni təyin olunan argentinalı baş məşqçi Tata Martino isə sələflərinin qazandığı uğurların yaxınına belə yaxınlaşa bilmədi. Üstəlik, heyətə Neymar kimi dünya ulduzunun cəlb olunmasına baxmayaraq “Barselona” 6 ildən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinal mərhələsinə adlaya bilmədi.
Kral kubokunu da əzəli rəqibi “Real”a uduzan kataloniyalılar sona 5 tur qalmış çempionluq üçün nəzəri şanslarını saxlasalar da, bu o qədər də inandırıcı görünmür.

Lider “Atletiko” ilə aradakı fərqi “əritmək” o qədər də asan deyil.
Beləliklə, kataloniyalıların 7 ildən sonra ilk dəfə titulsuz qaldığı bir mövsüm olacaq, deyəsən. Bu isə növbəti bir komandanın uğur erasının bitməsi deməkdir.


Müəllif: Zaur Xudiyev

Oxşar xəbərlər