Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Azərbaycanın yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandanın Cəbəllütariqdə keçirilən Avropa Çempionatında (C divizionu) çıxışı, müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığmaların baş məşqçilərinin təyinatı, kişilər arasında 28-ci ölkə çempionatına və yeniyetmə oğlanlar arasında iki yaş qrupunda (2000-2001 və 2002-2003-cü illər təvəllüdlü) keçiriləcək "Samsunq" Kuboku uğrunda yarışlara hazırlıq prosesi və təşkilatı məsələlər geniş müzakirə edilib.
Yekunda ABF Rəyasət Heyəti aşağıdakı qərarları qəbul edib:
1. 2015-ci il Avropa Çempionatının C divizionu yarışlarında Azərbaycanın yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandasının çıxışı qənaətbəxş sayılsın.
2. Azərbaycanın müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığma komandalarının baş məşqçiləri aşağıdakı kimi təsdiq edilsin:
Yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandanın baş məşqçisi - Tahir Baxşıyev;
Yeniyetmə oğlanlardan ibarət (U-16) yığma komandanın baş məşqçisi - Samit Nuruzadə;
Yeniyetmə oğlanlardan ibarət (U-14) yığma komandanın baş məşqçisi - Fuad Niftəliyev.
3. Azərbaycan Basketbol Federasiyasının bəzi işçi orqanlarının rəhbərləri aşağıdakı kimi təsdiq edilsin:
Məşqçilər Şurasının sədri - Azər Əbülfəz oğlu Qədirov,
Hakimlər komissiyasının sədri - Tofiq İsmi oğlu Həsənov,
Nizam-İntizam komissiyasının sədri - Mehran Ağali oğlu Həmidzadə.