3 İyun 2014 18:28
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 17-22-də Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, çempionata hazırlığı davam etdirən sərbəst və Yunan-Roma güləşi üzrə yığma komandalarımız Qusar Olimpiya İdman Kompleksində növbəti təlim məşq toplanışındadır.

Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mayın 26-dan təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında heyətdə 24 idmançı yer alıb. Təlimlər iyunun 8-dək davam edəcək.

Sərbəst güləş üzrə yığma komandanın üzvləri isə, təlimlərə mayın 28-dən başlayıb. Komandanın böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında heyətdə 21 güləşçi yer alıb. Təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.

Gənc qızlardan ibarət yığma komandanın üzvləri isə, iyunun 1-dən Astara Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayacaq. Böyük məşqçi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Arif Fərmanov və Filip Monolovun rəhbərliyi altında təlimlərə 17 gənc qız güləşçi cəlb olunub. Təlim-məşq toplanışı 2 həftə davam edəcək və iyunun 14-də başa çatacaq.

Aygün


Müəllif: