28 Noyabr 2015 01:15
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 27-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin ilk günü başa çatıb.


Azərtac xəbər verir ki, sayca səkkizinci dəfə keçirilən turnirdə 41 ölkədən dünyanın 450-yə yaxın ən güclü pəhləvanı mübarizə aparırlar.

İlk yarış günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Sərbəst güləşçilərin yarışında 22 güləşçimiz mübarizə aparıb, onlar 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.

Azərbaycanın idman şərəfini Mahir Əmiraslanov, Yaşar Əliyev, Ruslan Qasımov, Pərviz İbrahimov (hamısı - 57 kq), Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (hamısı - 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov, Ağahüseyn Mustafayev (hamısı - 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi - 70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Murad Süleymanov, Məhəmmədhacı Muxutov (hamısı - 74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi - 86 kq), Şərif Şərifov, Aslanbek Alborov (hər ikisi - 97 kq), Cəmaləddin Məhəmmədov, Həmid Əhmədli (hər ikisi - 125 kq) qoruyublar.

İlk olaraq qızıl medalı 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev qazanıb. Təmsilçimiz yaponiyalı Şinqo Arimotonu, gürcüstanlı Beka Lomitadzeni və rusiyalı Aleksandr Baqomoyevi məğlub edərək finala yüksəlib. Finalda onun rəqibi İran pəhləvanı İmam Sadekikokuande olub. Qarşılaşma 8:2 hesabı ilə Azərbaycan güləşçisinin xeyrinə başa çatıb.

İkinci qızıl medalı ikiqat Avropa çempionu Cəbrayıl Həsənov qazanıb. 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz iranlı Mostafa Hosseinxanini, amerikalı Entoni Valensiyanı, türkiyəli Soner Demirtaşı məğlub edərək finala çıxıb. Həlledici mərhələdə Rusiya təmsilçisi Xetik Tçabolovu 12:8 hesabı ilə udaraq, Cəbrayıl Həsənov “Qızıl Qran-pri” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərbəst güləş üzrə 86 kq çəki dərəcəsinin finalında iki Azərbaycan təmsilçisi qarşılaşıb – Aleksandr Qostiyev və Nurməhəmməd Hacıyev.

Aleksandr Qostiyev finala gedən yolda polşalı Patrik Dublinovskini, gürcüstanlı Sandro Aminaşvilini, Nurməhəmməd Hacıyev isə amerikalı Devid Teyloru, iranlı Ehsan Laşqarini məğlub edib. Gərgin mübarizə şəraitində davam edən final qarşılaşmasında Aleksandr Qostiyev 2:0 hesabı ilə qalib gəlib.

Gümüş medallara Toğrul Əsgərov (70 kq), Nurməhəmməd Hacıyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) sahib olublar. Bürünc mükafatlara isə Mahir Əmiraslanov (57 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq) və Aslanbek Alborov (97 kq) yiyələniblər.

Noyabrın 28-də qadın, 29-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.


Müəllif: