"Son oyunlarda qələbə qazana bilmədiyimizdən bu oyunda qalib gəlməliyik. Bunu çox istəyirəm. Uğursuz seriyaya son qoymaq şansından maksimum yararlanmağa çalışacağıq. Rəqibimizin birinci divizionda çıxış etməsi heç nə demək deyil. Çünki rəqibin kimliyindən asılı olmayaraq, həmin komandaya hörmətlə yanaşmalıyıq. Bu səbəbdən də rəqibin Premyer Liqa və ya birinci divizionda çıxış etməsinin fərqi yoxdur. Əgər bu komanda kubok uğrunda yarışda mübarizə aparırsa, deməli iddialı rəqibdir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Rikardinyo Azərbaycan kubokunun 1/8 finalında bu gün qarşılaşacaqları "Mil-Muğan"la oyun haqda klubun rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı müdafiəçi bu oyunda qol buraxmamağa çalışacaqlarını bildirib: "Bizim oyun fəlsəfəmiz eynidir və rəqibdən asılı olaraq dəyişmir. İstər UEFA Avropa Liqasındakı rəqiblərimiz olsun, istər Premyer Liqa, istərsə də aşağı dəstə komandası. Ümid edirəm ki, oyun fəlsəfəmizə uyğun futbol sərgiləyib, qalib gələcəyik. Arxa xətdə yaxşı müdafiə olunub, hücumda effektli oynayacağıq. Bu görüşdə qol buraxmamağa, hər fürsətdə rəqib qapısına dəqiq zərbə endirməyə çalışmalıyıq”.
Rikardinyo həftəsonu Azərbaycan Premyer Liqasının “Xəzər Lənkəran”la səfərdə keçiriləcək qarşılaşmasında da qalib gəlmək iddiasında olduqlarını bildirib: "Kubok matçında qələbə qazanıb, bunun ardını çempionatda da gətirmək istəyirik. Hər matçda olduğu kimi Premyer Liqanın növbəti matçına da 3 xal üçün çıxacağıq. İlin sonuna qədər turnir cədvəlində mümkün qədər yüksək pilləyə qalxmalıyıq. Qış fasiləsinə daha yuxarı yerlərdə yollanmalıyıq".